"Qərb Ukraynanı dörd vilayəti Rusiyaya verməyə razı salmağa çalışır" - Deputat

 20:35 29.07.2025     193

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib ki, yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq.

Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan regionda və dünyada sülh üçün çalışan çox az saylı liderlərdən biridir:

"Yaxın Şərqdən tutmuş Şərqi Avropaya qədər uzanan geniş coğrafiyada daim sülh təşəbbüsləri ilə çıxış edib. O cümlədən Qafqazlarda da sülh təşəbbüsləri ilə çıxış edib. Onun bu strateji təşəbbüsləri yenə də davam edir. Biz bilirik ki, artıq bir neçə dəfə müxtəlif ranqlı məmurlar arasında Ukrayna ilə bağlı sülh məsələsi məhz Türkiyədə müzakirə edilib. Amma bu çox dərin və mürəkkəb bir məsələ olduğu üçün, heç şübhəsiz ki, Ukrayna ilə Rusiya arasında sülhü əldə etmək mümkün olmayıb. Çünki nəticə etibarilə sülhün əldə olunması üçün qərar verən şəxslərin üzbəüz oturması vacibdir. Təkcə qərar verən birinci şəxslərin, yəni Rusiya və Ukrayna prezidentlərinin deyil, eyni zamanda münaqişədə tərəf kimi çıxış edən güc mərkəzlərinin iradəsi də orada olmalıdır. Belə güc mərkəzlərindən biri də Amerika Birləşmiş Ştatlarıdır".

Deputatın fikrincə, nəzəri baxımdan sülhün əldə olunması üçün ən optimal format ABŞ Prezidenti, Türkiyə Prezidenti, Rusiya və Ukrayna prezidentlərinin iştirak etdiyi formatdır:

"Bu format sülhü əldə etmək üçün ən real formatdır. Amma bir görüşdə bunun əldə olunması çox ciddi şübhələr və suallar yaradır. Çünki Rusiya–Ukrayna münaqişəsi 300 ildir davam edən və bu gün Ukrayna xalqının slavyanlaşdırılmasına qədər gəlib çatan mürəkkəb bir tarixə malik olan bir münaqişədir. Ukrayna xalqı, ukraynalılar slavyan əsilli deyillər. Onlar Dəşti-Qıpçaq və Azaq, yəni Azov türkləridir. Ukrayna xalqının etnogenezinin tərkibini təşkil edən türk tayfaları qıpçaqlardır, kumanlardır, xəzərlərdir, polovestlərdir, peçeneklərdir, qaraimlərdir və digər türk tayfalarıdır.

Ukrayna sözünün etimologiyası Kiyev sözünün rus dilinə tərcüməsidir. Kiyev isə "kıyı ev" deməkdir - ucqardakı, Dəşti-Qıpçağın ucqarındakı, sahildəki ev deməkdir. Və bir şeyi unutmaq olmaz ki, Ukrayna həm də vikinqlərin vətənidir. Bu gün rusların öz adlarına çıxmağa çalışdıqları Kiyev Rus dövləti vikinqlərin qurduğu dövlət idi. Vikinq türklərinin yerli türklərlə bərabər qurduğu dövlət idi. Və "rus" sözü avarçəkən deməkdir. "Rus" sözünün özü rus dilində deyil. Əgər biz "parus", yəni "yelkən" sözünə diqqət etsək, görərik ki, yelkən hava vasitəsilə avar çəkmə funksiyasını yerinə yetirir. Vikinqlər də deməli, avara "rus" deyirdilər.

Ona görə də nəticə etibarilə, Ukraynanın işğalından sonra Kiyev adı "okraina", yəni ucqar əyalət kimi tərcümə edilərək "Ukrayna" oldu. Və ərazinin adı xristian qıpçaq türkləri olan qıpçaqlara millət adı kimi verildi və beləliklə, "Ukrayna" sözü meydana çıxdı. Amma buna baxmayaraq, Ukraynanın bayrağındakı simvollar tanrıçılığın simvollarıdır – mavi göy və sarı günəş, eyni zamanda, Ukraynanın gerbində olan işarələr də iki bıçaq və ortasında qopuzdur. "Qıpçaq" sözünün, iki bıçaq formasının təzahürü var".

Müsahibimiz bildirdi ki, bu gün heç bir türk ölkəsində türklüklə bağlı inanclar bu qədər bariz şəkildə dövlət simvollarında əks olunmayıb, nəinki Ukraynada.

"Ona görə də Ukrayna dili qadağan olunduqdan sonra onlar slavyan rus dilində danışmağa başladılar. Amma kilsələrdə isə 1917-ci ilə qədər ibadətlərini yenə də qıpçaq ləhcəli türk dilində oxuyurdular, ibadət edirdilər. Bu gün Ukrayna arxivləri yerli Ukrayna türklərinin dillərinin folklor nümunələri ilə doludur. Mən Kiyev arxivlərində işləmişəm və bu dilin bizim dillərə nə qədər yaxın olduğunu görmüşəm. Bu barədə ukraynalı tarixçi Qarkaveçin də çox böyük əsərləri var. Yəni məsələ sadəcə iki slavyan ölkəsinin qarşıdurması deyil. Məsələ milli nifrət kimi səciyyələndirilə biləcək qədər böyükdür. 300 il davam edən savaşda ukraynalılar dil assimilyasiyasına məruz qaldılar, ancaq milli assimilyasiyaya məruz qalmadılar. Sovet dövrünün dinc vaxtlarında belə ruslar ukraynalıları azlığa məhkum edərək bir neçə milyon insanın bugünkü Kuban, Krasnodar və 10 milyona yaxın insanın isə Ukrayna ərazisində aclıqdan ölməsinə səbəb oldular. Beləliklə, Rusiya və Ukrayna arasında Qolodomor adlı bir hadisə baş verdi. Dünyanın ondan çox ölkəsi Qolodomoru rusların ukraynalılara qarşı soyqırımı kimi tanıyıb.

Belə olan halda, bu qədər mürəkkəb kökləri olan bir münaqişəni bir İstanbul görüşündə həll etmək çox çətin olacaq. Amma bütün hallarda belə bir görüşün keçirilməsi heç olmasa irəliyə doğru atılmış bir addım ola bilər. Mənə elə gəlir ki, gizli diplomatik paketlərdə həm Qərb, həm də Amerika Birləşmiş Ştatları Ukraynanı güzəştə məcbur edirlər və dörd vilayəti Rusiyaya verməyə razı salmağa çalışırlar. Bunlar Donetskdir, Luqanskdır, Zaporojyedir, Xersondur. Amma ruslar Sumu vilayətini də istəyirlər və bundan sonra bütövlükdə Ukraynanın üzərinə elə ağır şərtlər qoymağa çalışırlar ki, faktiki olaraq Ukrayna müstəqilliyini və suverenliyini itirmiş olur.

Ona görə də mənə elə gəlir ki, görüş baş tutsa belə, sülhün əldə olunması olduqca çətin olacaq", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən