"Əbu-Dabi görüşünün nəticələri Fransa hakimiyyətində şok effekti yaradıb" - Jalə Əliyeva

"Fransa parlamentində son günlərdə növbəti dəfə Azərbaycan əleyhinə atılan addım bir daha Fransanın qərəzli siyasətini ortaya qoyur. Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmaq, Qafqazda gərginlik yaratmaqla öz maraqlarını təmin etmək məqsədilə bu günə qədər bütün çirkin planlara əl atıb və Fransa Milli Assambleyasında irəli sürülən Avropa qətnaməsi təşəbbüsü də bir daha bu məkirli plandan xəbər verir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Fransa parlamentinin Azərbaycan əleyhinə atdığı addımlardan danışarkən bildirdi.
"Bu günə qədər Azərbaycanla Ermənistan arasında keçirilən çox müxtəlif formatlı görüşlərdə Fransa artıq bir tərəf kimi, vasitəçi kimi iştirak etmək istəyindən, mümkünlüyündən məhrum olmuşdu. Onun irəli sürdüyü təşəbbüslər, təkliflər bu gün heç bir dəyəri olmayan Makronun hakimiyyəti ilə bərabər heçə endirilib.
Artıq son görüş, Azərbaycan və Ermənistan rəhbərliyinin Əbu-Dabi görüşünün nəticələri düşünürəm ki, Fransa hakimiyyətində bir şok effekti yaradıb. Görüşdən keçən müddət ərzində Fransa normallaşmağa doğru gedən proseslərə zərbə vurmaq və öz təsirini göstərməyə çalışır. Srağagün Fransa Milli Assambleyasındakı sağ respublikaçılar qrupunun rəhbərliyi və Fransa-Ermənistan dostluq qrupunun sədri olan Loran Vokie, həmin dostluq qrupunun sədr müavini Aleksandr Martin birlikdə Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan "Artsax" siyasi məhbuslarının azad edilməsini tələb etmək məqsədini daşıyan Avropa qətnaməsi Fransa hakimiyyətinin anti-Azərbaycan mövqeyini və Bakıya qərəzli, düşmən münasibətini bir daha çox açıq şəkildə ortaya qoyur".
Millət vəkili əlavə etdi ki, birmənalı olaraq Fransa, Fransa Milli Assambleyası və onların əlində alət olanlar birdəfəlik olaraq anlamalıdırlar ki, bu kimi qətnamələr, bəyanatlar heç bir şəkildə Azərbaycanın haqlı mövqeyini dəyişə bilməz.
"Onlar Azərbaycanı öz yolundan, tutduğu doğru yoldan heç bir şəkildə döndərə bilməz və bütün açıqlamaları, bütün bəyanatları, bütün təşəbbüsləri kimi, bu qərəzli təşəbbüsləri də növbəti dəfə fiaskoya uğrayacaqdır", - deyə Jalə Əliyeva vurğuladı.
Xədicə BAXIŞLI