"Tehran hakimiyyəti böhranın qarşısını almaqda acizdir" - Politoloq

Xəbər verdiyimiz kimi, İranın bir çox şəhər və rayonlarında “Su, işıq, həyat bizim haqqımızdır!” şüarı altında etiraz aksiyaları keçirilir və məlumata görə, yaranmış vəziyyətin ölkədə sosial gərginliyi artıracağı ehtimal olunur.
Hazırkı iqtisadi və ekoloji problemlər İran rejiminin sabitliyinə hansı təhlükələri yarada bilər?
Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, Tehran hakimiyyəti ölkədə su, işıq, elektrik enerjisi problemini həll etməkdə acizdir:
"Hesab edirəm ki, bunun başlıca səbəblərindən biri ölkənin iqtisadi tənəzzülü ilə bağlıdır. Çünki bu istiqamətdə yeni layihələrin reallaşması üçün sərmayə, yaxud maliyyə lazımdır. Ölkədə isə yeni elektrik xətlərinin çəkilməsi, yeni su mənbələrinin aşkarlanması, yaxud yeni su ehtiyat anbarlarının tikilməsi üçün təbii ki, maliyyə vəsaiti lazımdır. Tehran hakimiyyətində isə bu maliyyə vəsaiti çox azdır. Ölkə iqtisadiyyatına xarici sərmayənin qoyuluşunun azlığı, ölkədəki iş adamlarının İranı tərk etməsi, yəni onların tərk, özləri getməkdən başqa, onlar həm də kapitallarını ölkədən çıxarmış olurlar. Bu tip hallar İranda çoxsaylı sosial problemlərlə yanaşı, həm də su, elektrik enerjisi və təbii qaz, yanacaqla bağlı çətinliklərin yaranmasına səbəb olur.
Su mənbələrindən istifadəyə də elmi yanaşılmaması da İranda su qıtlığına problem yaradır. Məsələn, 15 il, 20 il bundan öncə Tehranda fasiləsiz içməli su var idi və Tehranda içməli su regionun ən təmiz, ən saf suyu sayılırdı. Amma indi isə Tehran su qıtlığı ucbatından köçürülməklə üz-üzədir. 20 milyona yaxın əhalisi olan bir şəhərin köçürülməsi çox ağır prosesdir və bu həm də hakimiyyət üçün çox baha başa gələ biləcək bir layihədir.".
Politoloqun fikrincə, bu iqtisadi, sosial, ekoloji problemlər İranda təbii olaraq etirazlara səbəb olur və bu sosial problemlər, iqtisadi problemlər həll edilməzsə, bu, hakimiyyətə qarşı hiddətə, ona qarşı kəskin etiraz aksiyalarının davam etməsi ilə nəticələnə bilər.
"Tehran hakimiyyəti isə problemi həll etməkdən daha çox belə etiraz aksiyalarını polisin gücü ilə yatırmağa üstünlük verir. Hələ ki, bu etiraz aksiyaları ayrı-ayrı şəhərlərdə sayı çox olmayan nümayişlər, mitinqlərlə davam edir. Əgər problemin həlli istiqamətində faktiki addımlar atılmazsa, bu aksiyaların ölkəni bürüməsi ehtimalı da yox deyil.
Çünki ötən il elektrik enerjisi çatışmazlığı, su qıtlığı ucbatından məktəblər tez-tez tətilə buraxılır, hökumət idarələri tətilə buraxılır, iş vaxtı azaldılır, iş rejimi isə dəyişdirilirdi. Eyni rejimlə, eyni üsulun gələn ay, yaxud sentyabrdan sonra tətbiq olunması İranda hakimiyyətin problemin həlli ilə bağlı əməli addım atmamasının göstəricisi ola bilər. Çünki digər tərəfdən bu problemlər İranda son bir-iki ildə güclü şəkildə üzə çıxdı. Deməli, ehtimal etmək olar ki, hakimiyyət daxilində belə problemlərin yaranması üçün sabotaj da mövcuddur. Hələlik isə görünən odur ki, ölkədə su, işıq, elektrik enerjisi qıtlığı problemi var və hökumət bunu həll etməyə çalışır", - deyə Sədrəddin Soltan vurğuladı.
Xədicə BAXIŞLI