"Bakı gələcəkdə daha geniş formatlı danışıqlar üçün zəmin ola bilər" - AÇIQLAMA 

 15:18 31.07.2025     135

"Bakıda Suriya və İsrail arasında nazirlər səviyyəsində keçiriləcək görüş regionda mühüm diplomatik hadisə kimi qiymətləndirilə bilər. İllərdir münasibətlərin gərgin olduğu bu iki dövlətin bir masa ətrafında toplaşması öz-özlüyündə ciddi geosiyasi irəliləyişdir. Görüşdən konkret nəticə gözləmək üçün hələ tez olsa da, dialoqun başlanması belə müsbət siqnaldır. Bakı görüşü bir tərəfdən Yaxın Şərqdəki qütbləşməni yumşaltmağa, digər tərəfdən isə lokal problemlərin diplomatik yollarla həllinə ümid yaradır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Bakıda Suriya və İsaril arasında keçiriləcək görüşdən danışarkən bildirdi.

Onun fikrincə, Azərbaycanın bu cür görüşlərə ev sahibliyi etməsi onun artan beynəlxalq nüfuzunun göstəricisidir:

"Bakı bu dəfə sadəcə təşkilatçı yox, həm də vasitəçi və etibarlı tərəf kimi çıxış edir. Bu, Azərbaycanın neytral və balanslı xarici siyasət kursunun bəhrəsidir. Həm Suriya, həm də İsrail ilə münasibətləri qoruyub saxlayan azsaylı ölkələrdən biri olaraq Azərbaycan bu rolu oynamağa tam haqlıdır. Görüşdə humanitar məsələlərin, sərhəd təhlükəsizliyi və qaçqın problemlərinin də müzakirə olunması gözlənilir. ABŞ və Rusiya kimi böyük güclərin dolayısı ilə də olsa prosesi izləməsi isə bu dialoqun əhəmiyyətini artırır".

Politoloq əlavə etdi ki, Bakı platforması gələcəkdə daha geniş formatlı danışıqlar üçün zəmin ola bilər:

"Azərbaycan bu görüşlə həm də regionda sabitlik və sülhün qurulmasında fəal rol oynamaq niyyətini ortaya qoyur. Bu, "sıfır problemli qonşuluq" fəlsəfəsinin regional versiyası kimi də dəyərləndirilə bilər. Əgər görüşdən müsbət nəticələr çıxsa, bu, həm də Azərbaycanın diplomatik gücünə əlavə xal qazandıracaq. Ümid edək ki, Bakı təkcə görüşlərin məkanı yox, həm də real sülhün başlanğıc nöqtəsinə çevriləcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən