"Paşinyanın hakimiyyətdən getməsi sülh gündəliyini ciddi təhlükə altına ata bilər" - Günay Ağamalı

 16:10 31.07.2025     307

Son zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək ehtimalı siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Əgər Ermənistanda növbədənkənar seçkilər keçirilərsə, bunun Ermənistan-Azərbaycan sülh prosesinə təsiri necə ola bilər və seçkilər nəticəsində Paşinyan hakimiyyətdən getsə, bu vəziyyət ikitərəfli münasibətlərə və sülh müqaviləsinin perspektivlərinə hansı formada təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, Ermənistan Baş naziri Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək ehtimalı hazırda regionda maraqla izlənilən mühüm siyasi proseslərdən biridir:

"Mövcud hakimiyyətin bu tip ritorika sərgiləməsinin müəyyən səbəbləri var. Bilindiyi kimi, Ermənistan daxilində siyasi ziddiyyətlər getdikcə daha da artmaqdadır. Nikol Paşinyan və komandası kilsənin ölkə siyasətinə təsirini aradan qaldırmaq üçün çalışır və bu situasiya tərəflər arasında qarşıdurma yaradır. Təbii, kilsə və radikal müxalifətin əsas dayaq nöqtəsi məhz Azərbaycan, türk düşmənçiliyi üzərindən olduğu üçün erməni cəmiyyətini psixoloji cəhətdən manipuliasiya cəhdlərinin şahidi oluruq. Bu da öz növbəsində Paşinyanın reytinqinə mənfi təsir göstərir. Eyni zamanda bu situasiya Nikol Paşinyanın real Ermənistan çağırışları ilə də uzlaşmır. Ona görə də növbədənkənar seçki iddialarının artması gözləniləndir".

Millət vəkili əlavə etdi ki, növbədənkənar seçkilərin keçirilməsi, şübhəsiz ki, Ermənistan daxilindəki siyasi münasibətlərin yenidən formalaşmasına, bununla yanaşı, Ermənistan-Azərbaycan sülh prosesinin gedişatına da birbaşa təsir göstərə bilər:

"Əgər növbədənkənar seçkilər keçirilsə və Paşinyan yenidən hakimiyyətdə qalarsa, bu, Ermənistanın sülh danışıqlarında hazırkı mövqeyinin, yəni müəyyən qədər praqmatik və real siyasətə yaxın xəttin davam etdirilməsi ehtimalını gücləndirər. Azərbaycan tərəfi hər zaman sülhün tərəfdarı olub və regional sabitliyin bərpası üçün konstruktiv danışıqlara açıqdır.

Əks halda, yəni Paşinyanın hakimiyyətdən getməsi və yerinə revanşist mövqedə dayanan, militarist ritorikaya üstünlük verən qüvvələrin gəlməsi sülh gündəliyini ciddi təhlükə altına ata bilər".

Müsahibimizin fikrincə, Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi təkcə sülh prosesini deyil, bütövlükdə regional təhlükəsizliyi və sabitliyi təhdid edə bilər.

"Bu isə Azərbaycan tərəfindən heç bir halda qəbul edilə bilməz.

Azərbaycan regionda sülh, əməkdaşlıq və inkişaf üçün əsaslı təşəbbüslərlə çıxış edir. Bizim üçün əsas meyar beynəlxalq hüquq və ərazi bütövlüyümüzə hörmətin təmin olunmasıdır. Ermənistan cəmiyyətinin bu reallıqları qəbul etməsi və dinc yaşayışın alternativsizliyini dərk etməsi regionda davamlı sülhün əsas şərtidir", -  deyə Günay Ağamalı fikrini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən