"Pezeşkian digər İran rəhbərlərindən fərqli olaraq Azərbaycana düşmən gözü ilə baxmır"

İran Prezidenti Məsud Pezeşkian Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşündə Zəngəzur dəhlizi ilə bağlı bildirib ki, qonşu ölkələrlə münasibətlər sərhəd maneələrinin aradan qaldırılması və iqtisadi inteqrasiya çərçivəsində qurulmalı, həssaslıqlar azaldılaraq konstruktiv əməkdaşlıq genişləndirilməlidir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, İran prezidentinin bu çıxışı yeni bir reallıqdır:
"İndiyə qədər İran tərəfi həmişə Azərbaycana yönəlik sərt bəyanatlar sərgiləyirdi və Zəngəzur dəhlizinin açılmasını özlərinin qırmızı xətti hesab edirdilər. Ancaq Məsud Pezeşkianın Azərbaycana məlum səfəri, Xankəndidə aparılan görüşlər, Şuşada baş tutan üçtərəfli görüş, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla olan görüşlər müsbət nəticəsini verib. Məsud Pezeşkian başa düşür ki, həmin dəhlizin ordan keçməsi mütləqdir və bu dəhliz nə İranın, nə də Ermənistanın milli suverenliyinə maneə törətmir. Əksinə, İran və digər qonşu ölkələr üçün bu dəhliz çox effektlidir və iqtisadi cəhətdən səmərəlidir.
Onun belə normal çıxışı və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirdiyi söhbətdə qonşularla normal münasibətlərin qurulması, sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatın bir-birinə bağlanması kontekstində məsələyə yanaşması çox maraqlıdır və bu, real görünür. Orada bildirib ki, konstruktiv qarşılıqlı əlaqələri genişləndirmək lazımdır və ciddi sərt bəyanatlardan çəkinmək daha faydalı olar. Xüsusilə bu, İranın Ermənistandakı səfiri Mehdiyə daha çox aiddir. Çünki o, tez-tez öz səlahiyyətinə uyğun olmayaraq dövlət başçısı və ya xarici işlər naziri səviyyəsində bəyanatlar verir və bu da qıcıq yaradır".
Politoloq bildirdi ki, Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir:
"İran prezidenti belə fikir bildirirsə, bu, reallığın göstəricisidir. Bunun əsas səbəblərindən biri də Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, daha sonra Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərdir. Bu görüşlərdə Paşinyana həmin yolun açılmasının vacibliyi izah olunub. Bu yol təkcə Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan üçün də həm gəlir gətirəcək, həm də onun təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. Eyni zamanda Ermənistanın iqtisadiyyatına böyük töhfələr verəcək.
Bu addım nəticəsində Ermənistanın Türkiyə ilə yolları, Azərbaycanla kommunikasiya xətləri açılacaq. Ermənistan blokadadan çıxacaq və inkişaf edəcək. Bu kontekstdə İranla münasibətlər də yaxşılaşacaq".
Elşad Həsənov əlavə etdi ki, Pezeşkianın hakimiyyətə gəlməsindən sonra atdığı addımlar, Azərbaycana yönəlik mesajları, Azərbaycandakı çıxışları və Azərbaycan dilində şeir deməsi onun Azərbaycana olan bağlılığını və müsbət münasibətini göstərir və İran prezidenti olsa da, digər rəhbərlərdən fərqli olaraq Azərbaycana düşmən gözü ilə baxmır.
"Bu çıxış çox müsbət addımdır və İranda da müsbət qarşılanacaq. Bəzi revanşist qüvvələr, xüsusilə SEPAH nümayəndələri bu çıxışı birmənalı qarşılamaya bilər. Ancaq artıq buzlar əriyir və Zəngəzur dəhlizinin açılması reallığa çevrilir", - deyə politoloq qeyd etdi.
Xədicə BAXIŞLI