"Türkiyə Rusiya və Ukraynanı razı sala biləcək yeganə ölkədir" - İsmail Cingöz

 22:08 31.07.2025     347

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib ki, yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsinin həlli ilə bağlı Rusiyaya təzyiq göstərməyə çalışdığı məlumdur:

"Tramp son zamanlarda bu mövzu ilə əlaqədar “Rusiyaya 10 gün möhlət verdim” deyərək təzyiqlərini artırmağa yönəldi, lakin Rusiya buna sərt reaksiya verdi.

Bir həqiqət var ki, cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Ukrayna-Rusiya müharibəsi ancaq Türkiyənin vasitəçiliyi ilə və Türkiyədə həll oluna bilər. Çünki Türkiyə hər iki ölkəyə bərabər məsafədə duran, imperialist düşüncədə olmayan, nə Ukraynanın, nə də Rusiyanın torpaqlarını və yeraltı sərvətlərini istismar etməyə çalışan bir ölkədir. Türkiyə hər iki tərəflə dostluq və qonşuluq münasibətləri qurmağa çalışan mövqedədir. Bunu həm Putin, həm də Zelenski çox yaxşı bilir.

Gələcək günlərdə yenidən Türkiyədə bir sülh görüşünün baş tutacağı gözlənilir. Türkiyə hər iki ölkəni ortaq nöqtədə bir araya gətirə biləcək yeganə ölkədir. Ancaq Ukrayna ilə Rusiya istəkləri baxımından bir-birindən olduqca zidd mövqelərdədir. Çünki Rusiya 2015-ci ildə Krımı ilhaq etdi, daha sonra Rusiya-Ukrayna müharibəsində Ukraynanın bir sıra ərazilərini işğal etdi. Rusiya bu torpaqlardan çıxmaq istəmir və ilhaqların tanınmasını tələb edir. Ukrayna isə Krım da daxil olmaqla, Rusiyanın bütün işğal etdiyi ərazilərdən çıxmasını istəyir. Bu məsələ olduqca çətindir. Hər iki tərəf bu məsələdə sərt mövqe tutur".

Politoloq əlavə etdi ki, Ukraynanı qızışdıran ABŞ və Qərbdir.

"Ukraynaya hava hücumundan müdafiə sistemləri verərək, Rusiyaya sanksiyalar tətbiq edərək bu problemi həll edəcəklərinə inanan bir Tramp var. Tramp siyasi baxımdan çökmüş vəziyyətdədir. Bu məsələni bir şəkildə yoluna qoyaraq tarixə keçmək istəyir. Beləliklə, əgər Zelenski ərazi itkilərinə razı olsa, Rusiya da işğal etdiyi ərazilərin heç olmasa bir hissəsindən çıxmağa razılıq versə və yeraltı sərvətlərin ABŞ və Avropa tərəfindən Ukraynada işlənməsinə razılıq verilsə, bu problem ancaq bu yolla həll oluna bilər. Lakin hər bir halda Türkiyəsiz bir həllin mümkün olmadığı açıqdır. Türkiyə hər iki tərəfi razı sala biləcək yeganə ölkədir. Cənab Ərdoğanın həm Zelenski, həm də Putinlə münasibətləri bu mövzuda və digər məsələlərdə çox yaxşıdır. Türkiyənin vasitəçiliyi və tərəfsizliyi bu problemi həll edə biləcək yeganə vasitədir. Əgər Türkiyəsiz bir həll baş versə belə, bu həll uzunmüddətli olmayacaq. Bunu Tramp da, Zelenski də, Putin də çox yaxşı bilir. Avropa ölkələri də bunu çox yaxşı anlayır. Türkiyəsiz həll, həll deyil", - deyə İsmail Cingöz vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən