Fələstinin BMT-yə üzvlüyü niyə hələ də reallaşmayıb? - AÇIQLAMA

 16:33 01.08.2025     193

"Fələstinin dövlət olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü kimi tanınması bu gün aktual məsələlərdən biridir. Əslində ötən əsrin ortalarında, yəni 1947-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamədə iki dövlət prinsipi əsas götürülüb və həmin ərazilərdə həm Fələstin, həm də İsrail dövlətlərinin yaradılması nəzərdə tutulub. Lakin ondan sonra baş verən proseslər, 1948-ci, 1956-cı, 1967-ci, 1973-cü illərdəki müharibələr və sonrakı qarşıdurmalar Fələstin dövlətinin tanınması ilə nəticələnməyib".

Bu fikirləri Redaktor.az-a Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkədən 147-si Fələstin dövlətini tanımasından danışan politoloq Xəyal Bəşirov bildirdi. Onun sözlərinə görə, bu gün dünyanın təxminən 150-yə yaxın dövləti yəni, BMT-yə üzv olan 193 ölkədən əksəriyyəti Fələstin dövlətini tanısa da, Fələstin hələ də BMT-yə üzv qəbul edilməyib. Bunun üçün isə müəyyən prosedurların həyata keçirilməsi tələb olunur:

"BMT-yə üzv olmaq istəyən hər bir dövlət müəyyən mərhələlərdən keçməlidir Bu, BMT-nin Nizamnaməsinin 4-cü maddəsində əksini tapıb. Həmin sənədə əsasən, üzvlük üçün əvvəlcə dövlətin səlahiyyətli nümayəndəsi vasitəsilə BMT-nin Baş katibinə rəsmi müraciət edilməlidir. Bu müraciətdə həm təşkilata üzvlük arzusu, həm də onun nizamnaməsindəki öhdəliklərin qəbul edildiyi bəyan olunur. BMT-nin Baş katibi həmin müraciəti Təhlükəsizlik Şurasına göndərir. Şura bu müraciətə baxır və 15 üzvdən ən azı 9-u onun lehinə səs verməlidir. Eyni zamanda, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən – ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin – heç biri bu müraciətə veto qoymamalıdır. Əgər bu şərtlər yerinə yetirilərsə, məsələ Baş Assambleyaya göndərilir. Orada isə BMT-yə üzv ölkələrin ən azı üçdə ikisi üzvlüyə səs verməlidir. Yalnız bu prosedurlar başa çatdıqdan sonra müvafiq dövlət BMT-nin tam hüquqlu üzvü kimi qəbul olunur".

Politoloq vurğuladı ki, Fələstin bu prosedurların heç birini tam keçmədiyi üçün hələlik BMT-yə üzv deyil.

"Halbuki qeyd etdiyiniz kimi, 150-yə yaxın dövlət Fələstini tanıyıb və bu say artmaqda davam edir. Məsələn, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa hələ də Fələstini dövlət olaraq tanımayıb. Bu isə Təhlükəsizlik Şurasında prosedurların keçməsi ehtimalını azaldır. Ümumilikdə götürdükdə, dünyanın BMT-yə üzv olan dövlətlərinin təxminən dörddə üçü Fələstini dövlət kimi tanıyır. Lakin Fələstinin BMT-yə üzv qəbul olunması üçün qeyd olunan mərhələlər mütləq şəkildə keçilməlidir. Bu prosedurlar tamamlandıqdan sonra onun BMT-yə müstəqil üzv dövlət kimi qəbul olunması mümkün olacaq",- deyə sonda ekspert yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən