"ABŞ-Ermənistan təlimləri Rusiyanın sərt reaksiyasına səbəb ola bilər" - Komitə sədri

 15:30 04.08.2025     126

12-20 avqust tarixlərində Ermənistanda “Eagle Partner – 2025” adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək.

Təlimlərin keçirilməsi ilə bağlı Redaktor.az Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevin fikirlərini öyrəndi.

"Humanitar məsələlərin həllinin necə aparılması ilə bağlı iki hərbi qurum arasında təlimlər keçiriləcəkdir. Lakin burada da bir neçə maraqlı məqamlar var. Təlimlər nə qədər sülhməramlı hazırlıq məqsədi daşısa da, məlumdur ki, bunun özünün strateji mənası var. Bu bir neçə aspektdən yanaşsaq, xüsusilə sülhməramlı hazırlıq məqsədi ilə keçirilən bu NATO standartlarına uyğun komanda idarəetmə sistemləri, evakuasiya Ermənistan ordusunun struktur islahatları və yeni standartlara keçid planları ilə üst-üstə düşür. Təbii ki, Rusiya buna öz kontekstindən yanaşır. Başa düşülür ki, Ermənistanın qərblə əlaqələri daha da gücləndirmək istəyidir. Məlum məsələdir ki, NATO ölkələri ilə ardıcıl təlimlərin keçirilməsi Rusiyaya xoş gələ bilməz. Rusiyanın hərbi bazasının ətrafında gedən son söhbətlərlə bərabər, təlimlərin keçirilməsi Moskvanın təbii ki, xoşuna gəlmir".

Müsahibimiz bildirdi ki, təlimlər Rusiyanın sərt reaksiyasına səbəb ola bilər.

"Rusiya artıq dəfələrlə qərb-Ermənistan hərbi yaxınlaşmasını təxribat kimi qiymətləndirib. Amerika Birləşmiş Ştatları belə təlim keçirməklə həm də çalışır ki, regionda aktivliyini artırsın. Bu gün Kanzas Milli Qvardiyasının, eyni zamanda Avropa-Afrika briqadalarının bu təlimlərə qatılması Amerikanın Cənubi Qafqazda rolunu artırmaq istədiyi açıq-aydın göstərir. Burada həm regional sabitlik, həm də enerji təhlükəsizliyi baxımından öz mövqeyini gücləndirməyə çalışır. Bu təlimlər əgər Gümrüdə keçirilsə və 102 saylı hərbi bazanın yerləşdiyi yaxın ərazidə baş verərsə, bu birmənalı şəkildə Ermənistana qarşı Rusiyanın bir bəyanatı ilə nəticələnə bilər. Məlumdur ki, bu Azərbaycan üçün elə bir ciddi problem yaratmır. Biz bu təlimlərin nədən ibarət olduğunu bilirik və artıq qabaqlayıcı məlumatlarımız da var".

Komitə sədrinin sözlərinə görə, koordinasiyalı şəkildə alınan məlumatlar, təhlillər göstərir, burada nə baş verə bilər:

"Buna görə də biz belə təlimlərin keçirilməsinə hazırığı öz daxili və xarici siyasətimizə uyğun olaraq mütləq şəkildə izləyəcəyik. Belə demək olar ki, Ermənistan təhlükəsizlik siyasətində bu addımları atmaqla sanki israrlı şəkildə qərblə əlaqələrini yenidən qurmağa çalışır, qərbə qarşı meyllənir, Rusiya-Ermənistan münasibətlərinin soyumasına çalışır və Rusiyanın nüfuzunun regionda azalmasına çalışır. Ermənistan-Avropa İttifaqı, Ermənistan-NATO əlaqələrində intensivləşdirmə müşahidə olunur və bu da təbii ki, onun partnyorlarına, əsasən də Rusiyaya xoş gəlmir. Birmənalı şəkildə seçkiöncəsi platformalarında Paşinyan hakimiyyəti çalışır ki, qərbə meyilliyini daha da dərindən və israrla göstərsin".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən