"Tramp Rusiya-Ukrayna müharibəsini bitirməkdə iddialıdır" - AÇIQLAMA

"Amerika Birləşmiş Ştatlarının prezidenti bütün dünyada müharibələri dayandırmaq və dünya iqtisadiyyatını tamamilə yeni bir mərhələyə qaldırmaq, eyni zamanda ABŞ-nin maraqlarını təmin etmək niyyətindədir. Bu, ABŞ Prezidenti Donald Trampın seçkilərdən öncə verdiyi bəyanatlarda əksini tapmış fikirlərdir. O, Rusiya-Ukrayna müharibəsini bir neçə gün ərzində dayandıracağına söz verib".
Bu fikirləri Redaktor.az-a ABŞ-Rusiya münasibətləri haqqında danışan politoloq İlyas Hüseynov bildirdi.
Onun sözlərinə görə, proseslər o qədər mürəkkəb inkişaf edir ki, müharibəni bu qədər qısa müddətdə dayandırmaq mümkün olmur:
"Buna baxmayaraq, ABŞ ciddi qərarlar vermək məcburiyyətindədir, bir tərəfdən diplomatik və siyasi kanalları işə salır, digər tərəfdən isə Rusiyaya ultimatum xarakterli mesajlar göndərir. Bu mesajlar həm ciddi iqtisadi sanksiyalar, həm də Ukraynaya kəskin hərbi yardımlar vasitəsilə müharibəni dayandırmaq məqsədi daşıyır".
Politoloq bildirdi ki, Rusiyaya son xəbərdarlıqları çatdırmaq üçün müxtəlif emissarlar və rəsmi şəxslər ezam olunur:
"Ağ Evin tələblərini rəsmi şəkildə təqdim edirlər. Şübhəsiz ki, Rusiya da bu tələbləri yerinə yetirməyə məcbur qalacaq, çünki danışıqları uzatmaq və mövcud vəziyyəti uzun müddət saxlamaq mümkün deyil. Beləliklə, Rusiya gec-tez ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməyə məcbur olacaq. Digər tərəfdən, Ağ Evin sahibi Donald Tramp Nobel Sülh Mükafatını almaqda israrlıdır və hesab edir ki, qlobal müharibələri dayandırmaqla bu məqsədinə nail ola bilər".
Nuriyyə NATİQQIZI