Azərbaycanın Suriyaya qaz ixracı: Yaxın Şərqə iqtisadi və siyasi açılım

Avqustun 2-dən etibarən Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərək Suriyaya ixracına başlanılıb.
Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən siyasi şərhçi Şakir Ağayev bildirdi ki, Azərbaycanın Suriyaya qaz ixracı regionda çox mühüm iqtisadi və siyasi bir hadisədir:
"Azərbaycanın qaz ixrac etdiyi on dördüncü ölkədir. İndiyədək, biz əsasən, Avropa ölkələrinə qaz ixrac edirdik. Ancaq yeni dövrdə Azərbaycanın Yaxın Şərqə qaz ixracı çox önəmli hadisə sayılır".
Onun sözlərinə görə, müasir, mürəkkəb geosiyasi şəraitdə bu, Azərbaycan iqtisadiyyatının Yaxın Şərqə birbaşa çıxışıdır:
"Yaxın Şərq proseslərində Azərbaycanın iştirakı və mövcudluğu onun regiondakı mövqeyinin güclənməsi deməkdir. Adətən Yaxın Şərqdə neft və qaz ehtiyatları olan ölkələr çoxdur. Amma Azərbaycanın bu regiona birbaşa çıxışı və bu proseslərdə iştirakı, təbii ki, artan nüfuzunu daha da gücləndirəcək. Bu, ilk növbədə iqtisadi sahədə, eyni zamanda isə siyasi sahədə də yeni imkanlar, fürsətlər yaradacaq. Nəticədə, iqtisadi potensialın dinamikası daha da artacaq".
Nuriyyə NATİQQIZI