Suriyaya qaz ixracı strateji və geosiyasi əhəmiyyət daşıyır - Deputatdan AÇIQLAMA

 18:50 04.08.2025     70

"Azərbaycanın təbii qazının Suriyaya ixracı sadəcə iki ölkə arasında enerji ticarəti kimi qiymətləndirilməməlidir. Bu proses enerji siyasətinin həm daxili, həm də xarici siyasətin əsas komponentinə çevrildiyi bir dövrdə baş verir. Bir sıra ölkələr üçün enerji təhlükəsizliyi həyati əhəmiyyət daşıyır və bu sahədə özlərinə məxsus siyasi kurs formalaşdırıblar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycanın təbii qazının Suriyaya ixracından danışarkən bildirdi.

"Azərbaycan-Suriya münasibətləri kontekstinə baxdıqda, Suriya artıq Azərbaycan qazının çatdırıldığı 13-cü ölkə sayılır. Yeni razılaşmaya əsasən, 14-cü ölkə isə Ukraynadır. Bu da Azərbaycanın qaz siyasətinin getdikcə daha da şaxələndiyini və coğrafi baxımdan genişləndiyini göstərir. Şərqi, Mərkəzi və Qərbi Avropaya, eləcə də Türkiyə üzərindən Aralıq dənizi hövzəsinə qaz ixracı xətti formalaşıb. İndi isə cənub istiqamətində Suriyaya və gələcəkdə İordaniya və digər Yaxın Şərq ölkələrinə yönələn yeni vektor formalaşır. Bu dinamika Azərbaycanın Yaxın Şərqdə enerji siyasətini daha geniş miqyasda reallaşdırmaq istədiyini göstərir. Ölkə bu istiqamətdə sistemli və ardıcıl siyasət yürüdür. Əvvəlcə Xəzər dənizindən Qara dəniz hövzəsinə – Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri vasitəsilə – qaz ixracı həyata keçirilib. Növbəti mərhələdə Türkiyə üzərindən Aralıq dənizinə və oradan da Yunanıstan və Bolqarıstandakı interkonnektorlar vasitəsilə daha geniş coğrafiyaya çıxış təmin edilib. Üçüncü xətt isə Türkiyə vasitəsilə artıq Yaxın Şərqə doğru yönəlib.

Deputat qeyd etdi ki, bu genişmiqyaslı enerji siyasəti Azərbaycanın təkcə qaz ixracatçısı deyil, həm də etibarlı siyasi tərəfdaş kimi mövqeyini gücləndirdiyini göstərir.

"Ölkə bir çox dövlətlərə enerji təhlükəsizliyi zəmanəti verən etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan həm də diplomatik səviyyədə öz sözü ilə imzası arasında heç bir fərq olmayan, strateji maraqların təminində qarşılıqlı faydaya əsaslanan bir siyasət yürüdür. Bu isə müxtəlif dövlətlər tərəfindən müsbət qarşılanır və yüksək qiymətləndirilir. Azərbaycan bu sahədə yeni səhifə açır. Dövlətlər artıq Azərbaycanla münasibətlərini sadəcə tərəfdaşlıq çərçivəsində deyil, həm də enerji siyasətinə töhfə verə biləcək bir dəyər kimi qurmağa çalışırlar. Bu da hər bir azərbaycanlı üçün qürurverici haldır. Suriyaya gəlincə, bu ölkəyə dəstək təkcə enerji kontekstində yox, daha geniş  iqtisadi və siyasi sabitliyin dəstəklənməsi baxımından da əhəmiyyətlidir".

Müsahibimizin fikrincə, Azərbaycanın Suriyaya qaz ixracı, ölkədə sabitliyin və təhlükəsizliyin bərqərar olunmasına, iqtisadi müstəqilliyin möhkəmlənməsinə və sosial gərginliyin azalmasına töhfə verir və  unutmaq olmaz ki, siyasi müstəqillik iqtisadi müstəqilliyə söykənir, iqtisadi müstəqillik isə iqtisadi sabitlikdən yaranır.

"Bu enerji siyasəti Suriyada olduğu kimi, bütövlükdə Yaxın Şərqdə də müsbət nəticələr verir. Azərbaycan bu regionda potensial tərəfdaşlarla münasibətləri dərinləşdirməklə yanaşı, investisiya imkanlarını da artırır. Nəticədə həmin ölkələrin iqtisadi azadlığının təmin olunmasına xidmət edən bir yanaşma ortaya çıxır. Azərbaycan isə bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən