"Yaxın vaxtlarda belə bir görüşün baş tutmasını istisna etmirik" - Deputat

 11:43 05.08.2025     94

ABŞ Dövlət Departamentində akkreditə olunmuş jurnalist Aleks Raufoğlu öz sosial hesabında qeyd edib ki, cümə günü ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderlərini Ağ Evdə qəbul edəcək. Görüşün isə sülh imzalamaq üçün baş tutacağı qeyd olunur.

Belə bir görüş baş tuta bilərmi? 

Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Amerika Birləşmiş Ştatlarının əvvəlki administrasiyasından fərqli olaraq hazırkı administrasiyası bölgəmizə sülhün gəlməsində maraqlıdır.

"Hər iki ölkə ilə əməkdaşlığın gücləndirilməsi üçün real addımlar atır. Yəni Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp son açıqlamalarında və bəyanatlarında da bu məsələyə toxunmuşdu. Əslində belə bir görüşün keçirilməsi planlaşdırılırdı və nəzərdə tutulmuşdu nəhayət, belə bir görüşün reallaşması üçün tarixi imkan yaranıb. Bir müddət bundan əvvəl Azərbaycan, Ermənistan rəhbərləri Əbu-Dabidə görüşdülər. Bir sıra məsələlər ətrafında mühüm müzakirələr apardılar və bütün bunlar onu deməyə əsas verir ki, tərəflər sülhə doğru real addım atırlar. Biz yaxın vaxtlarda belə bir görüşün baş tutmasını və sənədin imzalanmasını istisna etmirik".

Deputatın fikrincə, bütün hallarda belə bir görüşün keçirilməsi, Amerika Birləşmiş Ştatlarının iştirakı ilə belə bir addımın atılması olduqca vacib və olduqca önəmlidir.

"Münasibətlərin tənzimlənməsinə, münasibətlərin inkişafına töhfə verə biləcək bir məsələdir. Nəhayət Ermənistan anlayacaq ki, sülh müqaviləsini imzalamaq lazımdır və bununla bağlı real addımlar atmağa başlayacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən