"Paraflanmış sənədə dəyişikliklərin edilməsi diplomatik protokol qaydalarında yoxdur" - Millət vəkili

 14:59 05.08.2025     119

ABŞ Dövlət Departamenti tərəfindən bildirilib ki, ABŞ Dövlət katibi Marko Rubio və Fransa xarici işlər naziri Jan-Noel Barrot Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması məsələsini müzakirə ediblər.

Redaktor.az-a mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bu daha çox məlumatlandırmaq xarakteri daşıya bilər.

"Çünki nəticə etibarilə müzakirə edilməli bir məsələ qalmayıb. Əbu-Dabi görüşündən sonra Ermənistan və Azərbaycan liderləri mümkün layihənin paraflandığını artıq bildiriblər. Paraflanan bir sənədin yenidən müzakirə olunması diplomatik protokola da uyğun deyil. Müzakirə üçün bir əsasın olmadığının da göstəricisidir. Bütün hallarda, önümüzdəki mərhələdə sülhlə bağlı Ermənistan və Azərbaycan liderləri arasında mümkün görüşün keçirilməsi ərəfəsində sadəcə bir fikir mübadiləsi və məlumatlandırma aparıla bilər ki, bunun da imzalanması nəzərdə tutulan sənədə elə bir təsiri olmayacaq".

Müsahibimizin sözlərinə görə, paraflanmış sənədə nə əlavələrin qəbul olunması, nə də dəyişikliklərin edilməsi halı diplomatik protokol qaydalarında yoxdur.

"Ona görə məhz paraflanmanı imzalanmaya bərabər sənəd hesab edirlər. Amma bütün hallarda Fransa-Ermənistan münasibətləri kontekstində Fransa belə bir ehtiyac hiss edib ki, bu məsələ ilə bağlı bir qədər xəbərdar olmalıdır və bunu Amerika Birləşmiş Ştatlarının rəsmilərindən əldə etməlidir. Əsas məsələ odur ki, belə müzakirələr Əbu-Dabidə əldə olunan razılaşmadan sonra aparılıb və bu əldə olunmuş razılaşma mətninə təsir göstərə bilməz", - deyə Hikmət Babaoğlu əlavə etdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən