“Fransa sülhün reallaşmasına özünün təcavüzkar maraqlarına təhdid kimi baxır” - Deputat

 14:53 05.08.2025     52

ABŞ Dövlət katibi Marko Rubio və Fransa xarici işlər naziri Jan-Noel Barrot telefon danışığı aparıblar. Rubio fransalı həmkarı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesini müzakirə edib.

Rubio və Barrotun telefon danışığı Bakı ilə İrəvan arasında danışıqlarda yeni mərhələyə işarədirmi?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, Azərbaycanın Vətən müharibəsində cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında qazandığı qələbə ilə yaranan yeni geosiyasi konfiqurasiya regionda dayanıqlı sülh üçün tarixi imkan formalaşdırıb:

"Ötən dövr ərzində sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində əldə olunan nəticələr, habelə danışıqların formatı, o cümlədən vasitəçisiz, birbaşa təmasların daha effektiv olmasına dair Azərbaycanın mövqeyinin əsas tutularaq proseslərin davam etməsi sülhü reallığa çevirib. Əvvəlki dövrdə işğal və təcavüzə əsaslanaraq yaratdığı status-kvoda məğlubedilməz imici formalaşdıran və 30 ildən artıq müddətdə Qarabağ və Şərqi Zəngəzurda möhkəmlənən Ermənistan bölgədə maraqları olan bir çox dövlətlər, o cümlədən keçmiş Minsk qrupunun həmsədrləri tərəfindən açıq formada öz maraqları naminə dəstəklənirdi. Lakin Azərbaycanın qələbəsindən və yaratdığı yeni geosiyasi reallıqdan sonra bölgədə sağlam əsaslarla mövcud olmaq istəyən hər kəs Azərbaycanla hesablaşmağın zərurətini dərk etdi".

Millət vəkilinin sözlərinə görə, Demokratlar iqtidarı dövründə regiona heç bir reallığa əsaslanmayan baxış bucağı ilə yanaşan ABŞ cənab Trampın hakimiyyətə gəlməsi ilə praqmatik davranaraq mövqeyini dəyişib:

"Tramp administrasiyası haqlı olaraq doğru qiymətləndirir ki, bu bölgədə sülh və sabitlik mühiti, eyni zamanda ABŞ-nin regiondakı maraqlarının təmini üçün əsas şərtdir və hazırkı situasiyada Azərbaycanın diktə etdiyi geosiyasi reallığı görməzdən gəlmək olmaz. Lakin ABŞ-dən fərqli olaraq Fransa hələ də birtərəfli mövqe tutaraq Azərbaycan və Ermənistan arasında sülhün reallaşmasına özünün təcavüzkar maraqlarına təhdid kimi baxır.

Bu mənada, ABŞ və Fransa xarici siyasət idarələrinin rəhbərlərinin Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı müzakirələr aparması çox önəmlidir. Görünən odur ki, cənab İlham Əliyevin yaratdığı geosiyasi reallıqda Vaşinqton Fransanın qeyri-praqmatik davranışlarını özünün maraqlarına uyğun hesab etmir. Azərbaycan onsuz da beynəlxalq hüququn aliliyini rəhbər tutaraq hərbi-siyasi yolla özünün arzu etdiyi status-kvonu yarada və möhkəmləndirə bilib. Bu mənada, ABŞ və Fransa rəsmilərinin bu reallıqları qəbul edərək uzlaşması regionda sülh və dayanıqlı sabitliyi həm tezləşdirər, həm də özlərinin bu bölgədə yalnız bərabərhüquqlu tərəfdaşlıqda ehtiva olunan maraqlarını təmin etmiş olarlar".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən