"Ərdoğanın planlaşdırılan Ukrayna səfəri sülh prosesinə yeni nəfəs gətirə bilər"

 16:16 05.08.2025     59

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri gözlənilir. Hazırda bu səfərə ciddi hazırlıqlar gedir. Çünki Rusiya-Ukrayna müharibəsi başlayandan bəri bu sahədə ən fəal və real nəticə göstərən lider məhz Ərdoğan olub".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya edəcəyi səfərdən danışarkən bildirdi.

"Müharibənin ilk vaxtlarında Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa çalışdı, lakin onun bu təşəbbüsü qəbul edilmədi. Əvəzində Rəcəb Tayyib Ərdoğan həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə birbaşa görüşlər keçirərək danışıqlara töhfə verdi. Xüsusilə də Ukrayna taxılının dünya bazarına çıxarılması təşəbbüsü onun vasitəçiliyi ilə reallaşdı.

Bu fəaliyyətləri ilə bağlı Almaniyanın nüfuzlu “Die Bild” nəşri yazmışdı ki, Ərdoğana Nobel Sülh Mükafatı verilməlidir. Ərdoğanın həm NATO çərçivəsində nüfuzu, həm də Rusiya və Ukrayna ilə əlaqələrdə balanslı mövqeyi onu bu konfliktin həllində mühüm fiqura çevirib.

Son illərdə Türkiyə iqtisadi, siyasi və hərbi sahədə böyük inkişaf yolu keçib. Bu inkişafın əsas təşəbbüskarı da məhz Prezident Ərdoğandır. Xüsusilə Türkiyənin hərbi sənayesində baş verən irəliləyişlər, pilotsuz uçuş aparatlarının istehsalı və onların Qarabağ müharibəsində uğurla tətbiqi həm Azərbaycan üçün, həm də Ukrayna üçün böyük əhəmiyyət kəsb edib".

Siyasi şərhçi əlavə etdi ki, hazırda bu PUA-lar Ukraynada da istifadə olunur və bəzi modellər birgə istehsal əsasında Ukraynada hazırlanır.

"Ərdoğanın təşəbbüsü ilə İstanbulda bir neçə dəfə Rusiya-Ukrayna danışıqları keçirildi. O, hətta Putin, Tramp, Zelenski və özü arasında birgə görüş təşkil etməyə çalışdı, lakin Putin bu görüşlərdə iştirakdan imtina etdi. Müharibə isə bu gün də davam edir.

Bütün bunlar fonunda Ərdoğanın planlaşdırılan Ukrayna səfəri sülh prosesinə yeni nəfəs gətirə bilər. Qeyd etmək lazımdır ki, ABŞ-nin Prezidenti Donald Tramp Ərdoğanı güclü lider, “yaxşı insan” kimi qiymətləndirir və ona xüsusi hörmətlə yanaşır. Trampın Netanyahu ilə söhbətlərində də Ərdoğanı “yaxşı oğlandır” deyə xatırlaması bu münasibətin göstəricisidir.

Ərdoğanın Ukraynaya səfəri təkcə simvolik deyil, eyni zamanda münaqişənin diplomatik həllinə yönəlmiş ciddi addım kimi qiymətləndirilməlidir", - deyə Elşad Həsənov fikrini yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən