Netanyahu hökumətinin Qəzza planı: Yeni gərginliyin yoxsa davam edən münaqişənin mərhələsi?

 18:00 05.08.2025     61

“Ynet” portalı Netanyahunun ətrafındakı yüksək vəzifəli rəsmilərə istinadən məlumat yayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu rəhbərlik etdiyi hökumət Qəzza zolağının tam ələ keçirilməsini nəzərdə tutan planı təsdiqləməyə hazırlaşır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq  Oqtay Qasımov bildirdi ki, Netanyahu hökumətinin Qəzzanı tam şəkildə işğal etməklə bağlı planları əslində yeni deyil:

"2023-cü ilin oktyabrında Qəzzada başlanan müharibəyə və o dövrdə səsləndirilən bəyanatlara nəzər salsaq, bu proseslərin məhz bu istiqamətdə inkişaf edəcəyinə işarələr olduğunu görmək mümkündür. Netanyahunun sağ radikal, ifrat sağçı hökumətinin üzvlərinin əksəriyyəti “Böyük İsrail” ideyasının daşıyıcılarıdır. Onlar Fələstin dövlətinin mövcudluğunu qəbul etmir və bu ərazilərin İsrailə birləşdirilməsini açıq şəkildə dəstəkləyirlər. Belə bir planın həyata keçməsi ehtimalı isə olduqca yüksək qiymətləndirilir".

Ekspert vurğuladı ki, bu plan təsdiqlənərsə, bu, Yaxın Şərqdə yeni gərginliyin başlanğıcı deyil, davam edən münaqişənin növbəti mərhələsi kimi dəyərləndiriləcək. İsrail hökuməti bu istiqamətdə həm ideoloji mübarizə aparır, həm də Netanyahu bu addımlarla ölkə daxilində artan müxalifətin təzyiqlərini azaltmağa çalışır.

"Qəzzanın işğalı planına qarşı beynəlxalq reaksiyalar da maraqlıdır. Görünən odur ki, ABŞ administrasiyası bu məsələni sükutla qarşılayır. Bu sükut isə bəzən səssiz razılıq kimi də təhlil olunur.

Xüsusilə nəzərə alsaq ki, Qəzzada artıq 60 mindən çox insan həyatını itirib və bölgədə ağır humanitar fəlakət yaşanır, bu planın reallaşması daha geniş miqyaslı fəsadlara yol aça bilər. Bütün bu faktorlar göstərir ki, Netanyahunun Qəzzanı tam nəzarətə almaq niyyəti gözlənilməz deyil, əksinə, əvvəlcədən planlaşdırılmış bir istiqamətin davamıdır",- deyə sonda müsabimiz qeyd etdi.

 Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən