"HƏMAS indi əvvəlki gücdə deyil" - AÇIQLAMA 

 19:00 05.08.2025     55

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-a ultimatum verməyə hazırlaşırlar. Bu ultimatum girovların azad edilməsi, Fələstinli məhbuslarla mübadilə və HƏMAS-ın tərk-silah olunması kimi şərtləri əhatə edir. Əks halda, İsrail hərbi əməliyyatları davam etdirəcək.

HƏMAS bu ultimatuma əməl edəcəkmi? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrədin Soltan bildirdi ki, HƏMAS-ın tərk-silahı məsələsi hazırda Qəzzada sabitliyin təmin olunması, hərbi əməliyyatların dayanması və Fələstinin müstəqilliyi məsələsi üçün əsas amillərdən biridir.

"Bu yaxınlarda Misir və ABŞ bildiriblər ki, əgər HƏMAS tərk-silah kimi qəbul olunarsa, Fələstinin müstəqilliyi tanınmalıdır. Böyük Britaniyanın baş naziri isə deyir ki, İsrailin təhlükəsizliyi Fələstin müstəqilliyinin tanınmasından keçir. Yəni, HƏMAS-ın tərk-silah olunması hazırda regionun ən vacib məsələlərindən biridir.

Eyni zamanda, İsrail bəyan edib ki, Həmas tərk-silah kimi qəbul edilməzsə, hərbi əməliyyatlarını yenidən bərpa edəcək. Ardınca İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, beynəlxalq ictimaiyyət Həmasın əlində olan girovların taleyinə biganə yanaşır".

Politoloq qeyd etdi ki, HƏMAS indi əvvəlki gücdə deyil.

"Ona dəstək verən İran və digər qüvvələr də əvvəlki mövqelərində deyil. Buna görə perspektivdə Həmasın müəyyən formada bu ultimatumlara cavab verməsi gözlənilir. Bu cavab tərk-silah olmamaqla fəaliyyətini davam etdirmək üçün müəyyən zəmanətlərin əldə olunması ola bilər. Əvvəllər Pekin razılaşmasında qeyd olunub ki, Fələstin təşkilatları silahlı mübarizəni kənara qoyaraq siyasi mübarizəyə üstünlük verirlər və perspektivdə İsraili tanıyırlar. Yəni, İsrailin və Fələstinin qarşılıqlı tanınması kifayət deyil, həmçinin bir sıra ərəb ölkələrinin də İsraili tanıması vacib şərtdir. Buna görə də HƏMAS-ın tərk-silah olunması, silahsızlaşdırılması Fələstin-İsrail münasibətlərinin gələcəyinə həlledici təsir göstərə bilər", - deyə Sədrəddin Soltan əlavə etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən