"Sülh müqaviləsinin imzalanması Trampın istədiyi kimi o saat başa gələn bir məsələ olmayacaq" - Deputat

Ermənistan hökuməti Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 7-8 avqust tarixlərində üçtərəli görüş keçiriləcəyini təsdiqləyib. Görüşün isə sülh müqaviləsi imzalamaq üçün baş tutacağı bildirilir.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, sülh müqaviləsinin imzalanması Donald Trampın istədiyi kimi o saat başa gələn bir məsələ olmayacaq.
"Görüşün keçirilməsi müsbət haldır. Amerika Birləşmiş Ştatları kimi nəhəng bir dövlətin rəhbəri bölgədə sülh yaranması üçün təşəbbüs göstərir və hər iki dövlətin rəhbərini görüşə dəvət edir. İkitərəfli, üçtərəfli görüşlər olacaq. Bu yaxşı haldır. Ancaq bu Paşinyanın istədiyi kimi baş tutmayacaq. Paşinyan və onun komandası artıq neçə aydır deyir ki, biz sülh sazişi imzalamağa hazırıq. Ermənistan mütləq o sülh sazişi imzalanmamışdan əvvəl öz konstitusiyasında dəyişiklik eləməlidir".
Müsahibimiz qeyd etdi ki, Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməlidir və bu Ermənistanın konstitusiyasında öz əksini tapmalıdır.
"Ümid edirlər ki, Moskvanın, Avropanın və ya Amerika Birləşmiş Ştatlarının təzyiqi qarşısında Azərbaycan razılığa gələcək və onlar Azərbaycanın tələblərini yerinə yetirmədən sənəd imzalayacaq. Ancaq bu, qətiyyən belə olmayacaq. Cənab Prezidentimiz birmənalı olaraq qəti şəkildə Azərbaycanın mövqeyini ortaya qoyub, şərtləri, təklifləri verilib. Ermənistan Konstitusiyasında dəyişiklik olmalıdır. Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməlidir. Azərbaycanın tam suveren dövlət kimi suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qəbul eləməlidir. Digər tələblər də yerinə yetirməlidir. Bu halda, təbii ki, sülh sazişi imzalana bilər. Hələ ki bunların heç birisi olmayıbdır və indi bu Vaşinqton görüşü, mən yenə qeyd eləyirəm, bu, müsbət bir haldır".
Aytəkin TOFİQQIZI