"Rusiya son dövrlərdə sanksiyalardan yayınmaq üçün yeni üsullara əl atır" - Politoloq

"Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketinə neftin qiymətinin 45 dollardan aşağı salınması, “Şimal axını” boru kəmərlərinə qarşı məhdudiyyətlər və Rusiyanın kölgə donanmasına qarşı tədbirlər daxildir. Lakin bu paket yekdilliklə qəbul edilməyib".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva Rusiyaya tətbiq olunacaq sanskiyalardan bəhs edərkən bildirdi.
O, qeyd etdi ki, Macarıstan və Slovakiya sanksiyalar paketini bloklayaraq Avropa Komissiyasından enerji sahəsində təminat tələb ediblər:
"Slovakiya 20 milyard avroya qədər təzminat istəyir, Macarıstan isə Rusiyadan enerji idxalına dair güzəştlərin davam etməsində israrlıdır. Yeni sanksiyalar paketinə həmçinin Rusiya müdafiə sənayesinə kölgə yolla dəstək verən şirkətlərin və bu şirkətlərlə əlaqəli şəxslərin siyahısı da əlavə olunub. Məsələn, Rusiyanın yeni “Oreşnik” adlı orta mənzilli ballistik raketinin yaradılmasında 39 xarici şirkət iştirak edib. Onlardan 18-i artıq Aİ-nin sanksiya siyahısındadır, 21-i isə hələlik bu siyahıya daxil edilməyib. Bu 21 şirkət hələ də Rusiya ilə qanuni şəkildə əməkdaşlıq edir və “Oreşnik” raketinin istehsalı üçün əsas komponentləri ölkəyə idxal edir".
Siyasi şərhçi vurğuladı ki, Rusiya son dövrlərdə sanksiyalardan yayınmaq üçün yeni üsullara əl atır.
"Bu alətlərdən biri də kriptovalyutalardır. Onlar yüksək sürətli və asanlıqla diversifikasiya oluna bilən xarakteri ilə diqqət çəkir. Məsələn, postsovet ölkələrindən birinə məxsus A7A5 adlı token bu ilin ilk 100 günü ərzində 9 milyard dollardan artıq əməliyyatların aparılmasında istifadə olunub. Bu token Rusiya rublu ilə sabitlənib və sanksiya tətbiq olunmuş "Promsvyazbank"dakı hesablarla dəstəklənir.
A7A5 tokeni, həmçinin sanksiya siyahısında olan "Garantex" platforması ilə əlaqəli "Grinex" birjasında satılır. "Garantex" platforması sanksiyalara məruz qaldığı üçün 2025-ci ilin 6 mart tarixindən etibarən "Tether" tərəfindən bloklanıb", - deyə Yeganə Hacıyeva yekunlaşdırdı.
Xədicə BAXIŞLI