"Ayın 8-də baş tutacaq görüş zamanı sülh sazişin imzalanması sual altındadır" - AÇIQLAMA

"Donald Tramp hakimiyyətə gələn gündən Cənubi Qafqaz regionunda sülhün bərqərar olunmasında öz marağını, maraqlarını açıq şəkildə bəyan etmişdi. O, verdiyi digər bəyanatlarda da dəfələrlə qeyd etmişdi ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi qısa müddət ərzində imzalanmalıdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında diplomat Fikrət Sadıxov Azərbaycan, Ermənistan və ABŞ arasında keçiriləcək üçtərəfli görüşdən danışarkən bildirdi.
"Aydın məsələdir ki, ayın 8-də baş tutacaq görüş zamanı sülh sazişin imzalanması sual altındadır. Çünki hələ də bir sıra tələblər Ermənistan tərəfindən yerinə yetirilməyib və prosesin irəliləməsində müəyyən ləngimələr müşahidə olunur. Amma hər halda biz Azərbaycan olaraq, Trampın bu təşəbbüsünü, yəni vasitəçilik etmək niyyətini yüksək qiymətləndiririk. Bu, bizim maraqlarımıza cavab verir və regionda sülhün bərqərar olunması istiqamətində müsbət addım kimi qəbul edilir. Ola bilsin ki, bu görüş zamanı birbaşa sülh sazişi imzalanmasa da, müəyyən razılaşmalar əksini tapan bir memorandum və ya tərəflərin mövqeyini əks etdirən birgə bəyanat qəbul olunsun. Hər halda bu görüş, sülh sazişinin imzalanmasına doğru atılmış mühüm addım və onu tezliklə reallaşdıracaq yolun başlanğıcı kimi qiymətləndirilə bilər",- deyə diplomat qeyd etdi.
Xədicə BAXIŞLI