Məxfi görüş xəbəri necə sızdırılıb?

 14:20 06.08.2025     89

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş son dərəcə məxfi şəraitdə hazırlanıb. Bu haqda xəbər yalnız iki gün əvvəl Vaşinqtondakı dairələr tərəfindən sızdırılıb.

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün feysbuk hesabında yazıb.

Onun fikrincə, hiss olunurdu ki, işin içində olan Bakı və İrəvan bununla bağlı xəbərin vaxtından əvvəl yayılmasında maraqlı olmayıb:

“Səbəbi bəllidir. Rusiya və İran kimi qonşuları olan Cənubi Qafqaz ölkələrinin Vaşinqtonla isti münasibətləri Moskva və Tehranda qıcıq oyadır və hər ikisinin pozuculuq fəaliyyəti bəllidir. Buna baxmayaraq, Bakı və İrəvan Vaşinqtonda görüşün keçirilməsinə və Ağ Ev sahibinin iştirakıyla sülh sazişinin paraflanması imkanına etiraz etməyiblər. Çünki Vaşinqtonun siyasəti ilə bağlı müəyyən suallar olsa da, Rusiya və İranın regional siyasəti ilə bağlı sualların sayı daha çoxdur”.

Şahinoğlu onu da əlavə edib ki, Kreml və Tehran Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə hələ reaksiya verməyiblər.

“Çox güman görüşün nəticəsini və ABŞ paytaxtında nəyin imzalanacağını gözləyirlər. Bütün hallarda Moskva və Tehranın Vaşinqtonun regional təşəbbüslərinin qarşısını alması çətinləşib. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürmək təklifinə razılaşsa, Moskva və Tehran bunun qarşısını yalnız Ermənistanda çevriliş etməklə ala bilər”, - deyə o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən