"Tramp çalışır ki, sülh sazişi mümkün qədər tez imzalansın" - AÇIQLAMA

 14:24 06.08.2025     144

Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüşün keçirilməsi gözlənilir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi ekspert Abutalıb Səmədov bildirdi ki, Prezident Tramp çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkün qədər tez imzalansın:

"Hətta əvvəlcədən elan olunmuşdu ki, yaxın vaxtlarda ciddi bir hadisə baş verə bilər. Bu baxımdan Paşinyanın ABŞ-yə səfəri sülh prosesini sürətləndirə bilər.

Bundan əvvəl mətbuatda belə bir informasiya yayılmışdı ki, cümə günü Azərbaycan Prezidenti ilə həm ABŞ Prezidentinin, həm də Ermənistan Baş nazirinin görüşü baş tuta bilər. Orada hansısa sənədin imzalanması ehtimalı var".

Onun sözlərinə görə, sülh sazişinin imzalanması ehtimalı isə çox aşağıdır.

"Çünki Azərbaycanın Konstitusiya ilə bağlı tələbi hələ də icra olunmayıb. Buna baxmayaraq, memorandum imzalanması ehtimalı yüksəkdir. Bu da kifayət qədər ciddi sənəd sayılır və dövlətlərin sülhə yönələn səylərini rəsmiləşdirməyə xidmət edir.

Bu addımın ABŞ Prezidentinin iştirakı ilə atılması bölgəmiz və Azərbaycan üçün mühüm hadisə ola bilər. Eyni zamanda gələcəkdə ABŞ-nin Cənubi Qafqaz bölgəsinə daha yaxından nüfuz etməsinə şərait yarada bilər. Zəngəzur dəhlizinin açılmasında da ABŞ Prezidentinin yaxından iştirak etməsi mümkündür ki, bu da bölgədə ciddi geosiyasi dəyişikliklərə səbəb ola bilər",- deyə sonda müsahibimiz vurğuladı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən