“Ukrayna tərəfi 60 günlük bir atəşkəs rejiminə nail olmağa çalışır” - Politoloq

 16:44 06.08.2025     107

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə ultimatum verib ki, cümə gününə qədər atəşkəslə razılaşın, yoxsa daha sərt tədbirlərlə üzləşəcəksiniz.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi ki, Trampın xarici siyasətində əsas prioritet məsələlərdən biri Rusiya və Ukrayna arasında atəşkəsin əldə olunması və sülh sazişinin bağlanmasıdır:

"Bu günə qədər də ABŞ bu istiqamətdə kifayət qədər ciddi tədbirlər görür. Bildiyiniz kimi, hazırda Ağ Evin Rusiya-Ukrayna danışıqları üzrə nümayəndəsi, cənab Trampın xüsusi nümayəndəsi Stiv Uitkov Rusiyadadır və onun Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Hazırda mövcud olan informasiya kifayət qədər məhduddur. Görüşün əsas müzakirə mövzusunun Rusiya-Ukrayna arasında atəşkəsin və ya sülhün əldə olunması ilə bağlı olması ehtimal edilir. Eyni zamanda, ABŞ və Rusiya arasında ticarət əlaqələri də gündəmdədir".

Müsahibimizin sözlərinə görə, danışıqlar masasında bir məsələ də var:

"ABŞ-la Rusiya arasında iqtisadi əməkdaşlıqla bağlı təkliflər müzakirə ediləcək. Lakin əsas prioritet Rusiya-Ukrayna müharibəsidir. Ukrayna tərəfi 60 günlük bir atəşkəs rejiminə nail olmağa çalışır. Rusiya isə daha uzunmüddətli atəşkəsi təklif edir. Rusiya tərəfinin şərtlərinə görə, Ukrayna hazırda Rusiya ordusunun yerləşdiyi əraziləri, o cümlədən Krımı Rusiyanın ərazisi kimi tanımalı, Krım və digər dörd vilayətdən öz ordusunu çıxarmalıdır. Bu isə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə ciddi təsir göstərən şərtlər hesab olunur.

Bundan əlavə, Tramp və Uitkovun görüşündə ehtimal edilir ki, tərəflər enerji infrastrukturlarının, neftayırma zavodlarının və magistral boru xətlərinin vurulmaması barədə də razılığa gəlməyə çalışacaqlar. Lakin məlum olduğu kimi, dünən Rusiya tərəfindən Azərbaycan və Ukraynaya aid bir neft kəmərinin vurulması ilə bağlı məlumat yayılıb. Ümumilikdə bu görüşün müsbət nəticə verəcəyi ehtimalı çox zəifdir. ABŞ-nin Rusiyaya verdiyi möhlətin müddəti 8 avqustda başa çatır və artıq Uitkov Moskvadadır. ABŞ və Avropa mətbuatının verdiyi məlumata görə, bu axşam Bakı vaxtı ilə 00:30-da prezident Trampın bu mövzu ilə bağlı ciddi bir bəyanatla çıxış etməsi gözlənilir",- deyə Y.Bağırzadə yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən