"Rusiya dünyadan təcrid olunma təhlükəsi ilə üzləşib"

"ABŞ Prezidenti Donald Trampın Rusiyaya sülh və yaxud da atəşkəs üçün verdiyi möhlət 8 avqustda yekunlaşacaq. Amerika Birləşmiş Ştatlarının rəsmi dairələri Rusiyanı gözləyən sanksiyalar barədə də məlumat veriblər".
Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Amerikanın Rusiyaya Ukrayna ilə atəşkəs əldə etməsi üçün verdiyi möhlətdən danışarkən bildirdi.
"Ağ Evdən verilən xəbərdarlıqda bildirilir ki, əgər 8-ə qədər Rusiya Ukrayna ilə sülh anlaşması əldə edə bilməzsə Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq olunacaq. Rusiya iqtisadiyyatı demək olar ki, dünya iqtisadiyyatından təcrid ediləcək. Yəni, bankları da dünya bank sistemindən, maliyyə sistemindən kənarlaşdırılacaq. Eyni zamanda Rusiya ilə iqtisadi-ticari münasibətləri olan dövlətlərə qarşı da sanksiyalar tətbiq olunacaq. Yəni Rusiyadan enerji resursları idxal eləyən dövlətlər ABŞ-nin sanksiyalarına məruz qalacaq və belə olan təqdirdə də Rusiyadan enerji resursları almaqdan çəkinəcəklər".
Onun sözlərinə görə, Rusiya üçün ciddi problemlər yarana bilər.
"Rusiya dünyadan təcrid olunma təhlükəsi ilə üzləşib. Eyni zamanda buna paralel olaraq, həm də Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardımları artırmaq niyyətində olduğunu da bəyan edib. Belə ehtimal olunur ki, Amerika Birləşmiş Ştatları avqustun 8-dən sonra Ukraynaya ən müasir hücum silahları verəcək və həmin silahların sayəsində Rusiyanın dərinliklərinə zərbə endirilməsi nəzərdə tutulur. Ağ Evdə hesab edirlər ki, Rusiyanı danışıqlar masasına oturtmaq üçün Rusiyanın daxilində savaşın təsirlərinin hiss olunması lazımdır. Rusiyanı məhz belə ağır iqtisadi və hərbi addımlar, radikal addımlar sayəsində sülh masası arxasında oturmağa məcbur etmək olar. Yəni, bu baxımdan tamamilə mümkündür ki, 8 avqustdan sonra Rusiya üçün ciddi problemlərin yaranma mərhələsi başlaya bilər", - deyə E.Xalidbəyli vurğuladı.
Aytəkin TOFİQQIZI