ABŞ-nin yeni idxal rüsumları və Azərbaycan iqtisadiyyatına təsiri - ŞƏRH

 12:48 07.08.2025     56

ABŞ Prezidenti Donald Trampın imzaladığı yeni sərəncama əsasən, avqustun 7-dən etibarən 60-dan çox ölkədən idxal olunan mallara 15%-dən 41%-ə qədər tariflər tətbiq olunmağa başlayıb. Tramp bu addımı “ABŞ iqtisadiyyatını qorumaq” məqsədilə atdığını bildirir və tariflərin illərlə ticarətdə sui-istifadə edən ölkələrdən milyardlarla dollar gətirəcəyini iddia edir. 

Azərbaycan bu tariflərdən dolayı yolla necə təsirlənə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Altay İsmayılov bildirdi ki, Amerikanın 15%-dən 41%-ə qədər olan idxal vergilərini tətbiq etməsi qlobal ticarətə təsir göstərir:

"Bu proteksionist siyasətlə ABŞ, əslində, öz iqtisadiyyatını və daxili istehsalla məşğul olan istehsalçıları qorumağı hədəfləyir. Lakin bu yanaşma, liberal iqtisadiyyatın dəstəkçisi kimi tanınan Amerikanın daxilində müəyyən bir paradoksun yaşandığını göstərir. Bununla belə, bu gün biz bu reallıqla üz-üzəyik".

Müsahibimiz tariflərin Azərbaycana olan təsirindən də bəhs etdi.

"Azərbaycana təsirinə gəlincə, ixrac strukturuna baxdıqda Amerikanın burada çox böyük paya malik olmadığını görürük. Müəyyən payı mövcuddur, lakin bu, əhəmiyyətli deyil. Bu səbəbdən Azərbaycanın ixracının ciddi şəkildə təsirlənməsi gözlənilmir. Bəzi azalmalar ehtimal olunsa da, bu, əhəmiyyətli dərəcədə olmayacaq. Yəni birbaşa ixrac strukturuna görə ciddi təsir baş verməyəcək. Lakin ABŞ-nin bu qərarı qlobal iqtisadiyyat, ticarət və təchizat zəncirinə təsir etdiyindən, Azərbaycan da bu bazarın bir iştirakçısı olaraq müəyyən qədər təsirlənəcək. Bununla belə, Azərbaycanın ixracının əsasını neft və qaz təşkil etdiyindən, bu sahələrə ABŞ-nin qərarından daha çox digər amillərin təsir göstərdiyini deyə bilərik. Yekunda belə nəticəyə gəlmək olar ki, Amerikanın bu qərarı Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək kimi görünür", - deyə A.İsmayılov əlavə etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən