“Azərbaycan Suriyada dövlət quruculuğu prosesinə qaz ixracı ilə töhfə verir” - Politoloq

"Azərbaycan qazının yenicə rejim dəyişikliyi baş vermiş, Əsəd rejiminin devrildiyi və yeni hakimiyyətin formalaşdırıldığı Suriyaya ixrac olunması, qısa müddətdə operativ şəkildə atılmış bir addım kimi, ilk növbədə Azərbaycanın Türkiyənin regionda mövqeyinin gücləndirilməsinə və bu istiqamətdə atdığı addımlara bütün imkanlar çərçivəsində dəstək verdiyini göstərir. Azərbaycan özünün ən yaxın müttəfiqi və dostu olan Türkiyə ilə münasibətlərini yalnız bəyanatlarla deyil, real əməlləri ilə də təsdiqləyir".
Bu fikirləri Redaktor.az-a Azərbaycanın Suriyaya qaz ixrac etməsindən danışan politoloq Xəyal Bəşirov bildirdi. Onun sözlərinə görə, Suriyada rejimin dəyişməsi və yeni dövlət quruluşunun yaranması Azərbaycanın Yaxın Şərqdəki proseslərə münasibətini də ortaya qoyur:
"Azərbaycan xalqla hesablaşmayan, xalqın maraqlarına xidmət etməyən Əsəd rejiminin tarixə qovuşması ilə bağlı mövqeyini beynəlxalq müstəvidə bəyan edir və yeni hakimiyyətin formalaşmasına dəstəyini müxtəlif istiqamətlərdə, o cümlədən enerji təhlükəsizliyi sahəsində nümayiş etdirir. Bu, eyni zamanda hazırda dünyada yaşanan enerji böhranı fonunda mühüm addımdır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qeyri-sabitlik və digər amillər nəticəsində dünya dövlətləri ciddi enerji çatışmazlığı ilə üzləşiblər. Bərpa olunan enerji mənbələrinin inkişafına baxmayaraq, enerji böhranı hələ də qlobal təhlükə olaraq qalır".
Müsahibimiz əlavə etdi ki, Azərbaycan bu şəraitdə yalnız neft deyil, həm də qaz ixracı ilə qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır:
"Bununla yanaşı, yaşıl enerji və bərpa olunan enerji növlərinin ixracı istiqamətində layihələr həyata keçirir. Artıq Azərbaycan dünyanın 12 ölkəsinə qaz ixrac etmək potensialını ortaya qoyub. Son olaraq, 1 avqustdan etibarən Suriyaya Türkiyə vasitəsilə qaz tədarükünün başlanması bu ölkədə dövlət quruculuğu prosesinə Azərbaycanın töhfəsini nümayiş etdirir. Bu yalnız iqtisadi və enerji baxımından deyil, eyni zamanda siyasi əhəmiyyət daşıyan bir addımdır. Çünki enerji resurslarının ticarəti artıq sadəcə iqtisadi məsələ deyil, siyasi amilə çevrilib. Rusiya-Ukrayna müharibəsi fonunda enerji ticarəti üzərindən tətbiq edilən sanksiyalar və təzyiqlər bunu təsdiqləyir.
Azərbaycanın Suriyaya qaz ixracı həm də onun qlobal siyasi proseslərdə fəal iştirak etdiyini, Yaxın Şərq kimi həssas regionda da rol oynadığını göstərir. Bu addım Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir edəcək, keçmiş münaqişəsini həll etmiş bir dövlət kimi beynəlxalq ictimaiyyətin dəstəyini qazanmaq baxımından yeni imkanlar yaradacaq",- deyə politoloq fikirlərini yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI