"Rüsum qərarı ABŞ-Hindistan münasibətlərində soyuqluğa yol açacaq"

 18:55 07.08.2025     104

"ABŞ-nin Hindistandan idxal olunan məhsullara 25 faiz əlavə rüsum tətbiq etməsi beynəlxalq münasibətlər sistemində yeni gərginlik ocağı yaradıb. Rəsmi Vaşinqton bu addımı Hindistanın Rusiya neftini birbaşa və ya dolayı yollarla almaqda davam etməsi ilə əsaslandırır. Bu isə əslində təkcə iqtisadi tədbir yox, siyasi mesaj kimi də dəyərləndirilə bilər. ABŞ bu kimi qərarlarla bir növ bütün dünya dövlətlərinə, xüsusilə də tərəfdaşlarına açıq şəkildə Rusiyadan uzaq durmaları üçün təzyiq göstərir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov ABŞ-nin Hindistana 25 faiz əlavə rüsum tətbiq etməsindən danışarkən bildirdi.

"Hindistan isə çətin bir seçim qarşısındadır. Bir tərəfdə strateji və iqtisadi baxımdan mühüm tərəfdaşı olan ABŞ, digər tərəfdə isə uzun illərdir enerji baxımından asılılıq duyduğu Rusiya var. Rəsmi Dehlinin bu mövzuda balanslı mövqe saxlamağa çalışdığı aydındır. Onlar münasibətləri ABŞ ilə pozmaq istəmir, eyni zamanda Rusiya ilə də əlaqələrini itirmək niyyətində deyil".

Politoloq əlavə etdi ki, Hindistan Xarici İşlər Nazirliyinin verdiyi sərt bəyanatda Hindistanın hələlik öz maraqlarından geri çəkilmə niyyəti olmadığı bilinir.

"Lakin bütün bu dirənişə baxmayaraq, reallıq budur ki, ABŞ-nin irəli sürdüyü iqtisadi təzyiqlər təkcə bu ölkə ilə məhdudlaşmır. Çox zaman ABŞ-nin tətbiq etdiyi sanksiyalar və əlavə rüsumlara digər Qərb ölkələri də qoşulur. Xüsusilə də Donald Tramp dövründə atılan addımların Avropa ölkələri tərəfindən ciddi şəkildə izlənildiyini və qismən dəstəkləndiyini nəzərə alsaq, Hindistan üçün manevr sahəsi o qədər də geniş görünmür.

Bütün ehtimalları nəzərə alaraq demək olar ki, Hindistan qısa müddətdə birmənalı qərar verməsə də, uzunmüddətli perspektivdə ABŞ-nin təzyiqlərinə tabe olmaq məcburiyyətində qala bilər. Bu, ya neftin başqa ölkələr üzərindən alınması, ya da təchizat marşrutlarında müəyyən dəyişikliklərin edilməsi formasında özünü göstərə bilər. Amma hər bir halda, bu rüsum qərarı ABŞ-Hindistan münasibətlərində soyuqluğa və müəyyən gərginliyə yol açacaq. Bu isə həm regional, həm də qlobal miqyasda yeni diplomatik dinamika yarada bilər",- deyə siyasi şərhçi vurğuladı.

Xədicə BAXIŞLI


 

Vumart və Güvən reklamı Vumart Güvən