"Rusiyanın neftdən əldə etdiyi milyardlar Ukrayna işğalını davam etdirməyə imkan verir" - AÇIQLAMA 

 20:12 07.08.2025     104

"ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları genişləndirir və Rusiyadan neft idxal edən ölkələrə qarşı 18%-lik rüsum tətbiq edir. Çin və Hindistana da yüksək dərəcəli rüsumların tətbiqi istisna deyil".

Bu fikirləri Redaktor.az-a politoloq Məhəmməd Əsədullazadə ABŞ Prezidenti Donald Trampın Hindistandan idxal olunan mallara 25 faiz əlavə rüsum tətbiq olunması barədə imzaladığı fərmandan danışarkən bildirdi.

"Xüsusilə Çin artıq Amerikanın bu təklifini rədd edib. Hindistan da bu tələbi qəbul etmir və bu, ABŞ ilə Hindistan arasında siyasi-iqtisadi böhrana səbəb ola bilər. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində ABŞ məhz öz diktəsi ilə hərəkət edir. Hər hansı bir ölkə bu siyasətə qarşı çıxarsa, həmin dövlətə qarşı müxtəlif cəza mexanizmləri işə salınır. Bu, beynəlxalq hüquqa zidd olsa da, ABŞ bunu bir növ işğalçını cilovlamaq və onu küncə sıxışdırmaq vasitəsi kimi təqdim edir. Təbii ki, Hindistan və Çin Rusiyadan neft idxal etməklə öz milli maraqları çərçivəsində hərəkət edir".

Müsahibimizin sözlərinə görə, Rusiyanın neft satışından əldə etdiyi milyardlarla gəlir Ukraynaya qarşı işğalın davam etməsinə təkan verir.

"Artıq yeni dünya siyasi nizamında bir deqradasiya müşahidə olunur və beynəlxalq sistemin yeni formatda formalaşması istiqamətində müəyyən addımlar atılır. Lakin ümumilikdə ABŞ bu nizamın ya pozulmasında, ya da yenidən formalaşmasında aktiv rol oynayır.

Göründüyü kimi, Donald Tramp üçün beynəlxalq siyasi nizam o qədər də əhəmiyyət kəsb etmir. O, daha çox ABŞ-nin milli maraqları çərçivəsində addımlar atır. Eyni zamanda, Rusiya da beynəlxalq nizamı, qonşu ölkələri və Avropanın təhlükəsizliyini, suverenliyini təhdid etməkdə davam edir. Bu səbəbdən də Rusiyanın təzyiq altına alınması və küncə sıxışdırılması üçün müəyyən mexanizmlər işə salınmalıdır", - deyə M.Əsədullazadə qeyd etdi.

Xədicə BAXIŞLI


 

Vumart və Güvən reklamı Vumart Güvən