"Zəngəzur dəhlizinin açılması perspektivi olmasaydı, Azərbaycan Prezidenti görüşdə iştirak etməzdi" - Deputat

"Amerika Birləşmiş Ştatlarında keçiriləcək üçtərəfli görüş regionda sülhün əldə olunması baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Belə görüşlərin təşkili, adətən, əvvəlcədən razılaşdırılmış məsələlərin mövcudluğuna işarədir. Çünki bu səviyyədə yəni, üç ölkə prezidentinin iştirakı ilə heç bir görüş təsadüfən baş tutmur. Bu baxımdan deyə bilərik ki, ortada nəticəsi liderlərə əvvəlcədən məlum olan bir proses var".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ-də keçirilən üçtərəfli görüşdən və bu görüşdən sonra İran Prezidenti Məsud Pezeşkianın Ermənistana olacaq səfərindən danışarkən bildirdi.
"Zəngəzur dəhlizinin açılması ilə bağlı real perspektiv olmasaydı, Azərbaycan Prezidenti bu görüşdə iştirak etməzdi. Bu mənada hesab edirəm ki, üçtərəfli görüşdən sonra biz həm kommunikasiyaların açılması, həm də sülh prosesinin irəliləməsi baxımından yeni mərhələyə qədəm qoyacağıq.
Eyni zamanda, bəzi mənbələrdə görüş zamanı üçtərəfli momerandumun imzalanmasından bəhs olunur. Bu isə müzakirə olunan məsələ ilə bağlı razılığın əldə olunması, hüquqi-siyasi çərçivədə sənədləşdirilməsi və son mərhələdə texniki detallara keçid anlamına gəlir".
Deputatın fikrincə, Zəngəzur dəhlizinin açılması yeni bir mərhələnin başlanğıcı olacaq.
"Bu kontekstdə regional aktorların davranışları da çox şey ifadə edir. Məsələn, şimal qonşumuzun getdikcə daha aqressiv mövqe tutması, cənub qonşumuzun isə Ermənistanla əlaqələri yumşaq formada dərinləşdirməyə çalışması dolayısı ilə bu ölkəyə təsir göstərərək geri çəkilməsini təmin etməyə yönəlik ola bilər.
Lakin mənə elə gəlir ki, İran prezidenti Məsud Pezeşkianın səfərinə nəzər yetirdikdə fərqli mənzərə ilə qarşılaşırıq. O, İranın maraqlarını daha obyektiv və hüquqi əsaslarda irəli sürən liderdir ki, bu da onu əvvəlki prezidentlərdən fərqləndirir. Pezeşkian siyasi reallığı düzgün qiymətləndirir və ölkəsinin maraqlarını bu reallıq fonunda önə çəkir. O, Zəngəzur dəhlizinin İran üçün zərərli deyil, əksinə, yeni imkanlar yaradan bir layihə olduğunu anlayır və bu fikri İran ictimaiyyətinə də təlqin etməyə çalışır.
Bu səbəbdən hesab edirəm ki, ABŞ-də baş tutacaq üçtərəfli razılaşmadan sonra İran Prezidentinin Ermənistana səfəri də daha praqmatik xarakter daşıyacaq. Kommunikasiyaların açılmasına qarşı çıxan bir mövqe olmayacaq və bu da regional dövlətlərin hər biri üçün müsbət nəticələr doğuracaq", - deyə Hikmət Babaoğlu əlavə etdi.
Xədicə BAXIŞLI