"Tramp Hindistana tətbiq ediləcək 25% rüsumdan vaz keçə bilər" - ABŞ-nin Azərbaycandakı keçmiş səfiri

"Amerika Prezidenti Donald Tramp Hindistana Rusiyadan neft almasına görə 25% əlavə rüsum tətbiq etməyə qərarlı görünür. Lakin hələ də bu qərarın gerçəkləşib-gerçəkləşməyəcəyi tam aydın deyil, çünki gələn həftə Rusiya Prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Volodimir Zelenski və Tramp arasında danışıqlar planlaşdırılıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ABŞ-nin Hindistana tətbiq etdiyi rüsumdan danışarkən bildirdi.
"Beləliklə, Tramp sadəcə olaraq Rusiyaya iqtisadi təzyiq göstərmək üçün Hindistanın neft emalı zavodlarına rus nefti almamağa təzyiq edə bilər. Bu isə Putinin Ukraynaya qarşı müharibəni maliyyələşdirmək imkanlarını zəiflədə bilər. Əgər bu danışıqlar müsbət nəticələnsə ki, bunu gözləmirəm, Tramp Hindistana tətbiq ediləcək 25% rüsumdan vaz keçə bilər".
Siyasi şərhçi qeyd etdi ki, bu hadisələrin qlobal iqtisadiyyata təsiri kiçik olacaq.
"Bu sanksiyalar yalnız Rusiyadan alınan xam neftə tətbiq olunacaq və Hindistandakı neft emalı zavodları başqa mənbələrdən neft almaqla bu təsiri azalda bilərlər. Əgər başqa mənbələrdən almağa keçsələr, neft qiymətlərində kiçik bir artım ola bilər.
Bundan əvvəl həm Tramp, həm də Bayden administrasiyası ölkələri G7 tərəfindən qoyulmuş, qiyməti həddindən aşağı olan Rusiya neftini almağa təşviq edib. Hindistan isə Rusiya neftini həddindən yuxarı qiymətə alır ki, bu da Rusiyanın iqtisadiyyatına dəstək verir və Putinin Ukraynadakı müharibəni maliyyələşdirməsinə kömək edir", - deyə Metyu Brayza əlavə etdi.
Xədicə BAXIŞLI