"Şübhəsiz, Ağ Evi sülh binasına çevirən lider İlham Əliyev olacaq!" - Zahid Oruc

 20:42 07.08.2025     134

Azərbaycan Vətən müharibəsində qələbəsini Donald Trampın birinci hakimiyyəti dövrünün sonunda əldə etdi. Məhz indi bu faktı xatırlatmağın ona görə ehtiyacı var ki, Trampdan əvvəl və sonrakı hakimiyyətlər dövründə biz maksimum dərəcədə bölgəni parçalamaq, Cənubi arealında məhz konfliktlər vasitəsilə hökmranlıq etmək, öz geosiyasi maraqlarını və mənfəətlərini güdmək xəttini müşahidə edirdik. Bu ağrını biz Sovetlər Birliyinin iflasa uğradığı dövrdə də yaşamışıq. Region ölkələrini maksimum dərəcədə İran və Rusiya əleyhinə qaldırmaq, Türkiyəni bəlli bir şəkildə NATO vasitəsilə idarə edərək onun Qafqazlarda aparıcı mövqe sahibi olmasının qarşısını almaq Amerika siyasətinin əsasını təşkil edib.

Lakin qeyd etdiyimiz kimi, Azərbaycanın müqəddəs savaşında Tramp nə qədər ki, seçkilərdə idi, digər tərəfdən onlar bu faktı — yeni ərazi bütövlüyümüzün hərbi vasitələrlə təsdiqi faktını — qəbul edərək buna yönəlik hansısa basqıçı təzyiq siyasətinə getmədilər. Hətta qısa bir fasilədə atəşkəs üçün çağırışlar da etdi. Mahiyyət etibarilə Avropa və ya NATO qüvvələrini bölgəyə gətirib Azərbaycan əleyhinə savaşdırmaq xətti seçilmədi. Hərçənd Bayden dövründən xeyli fərqli mövqelərin şahidi olduq. Son günlərini də izlədik ki, Ermənistan ilə ABŞ müstəqillik sənədi imzaladı. Bu qlobal güc bölgənin ən kiçik dövləti üzərində nəzarət gücünü əldən vermədi.

İndi, məhz Ağ Evdə Trampın missiyası — müxtəlif xarakterli konfliktlərin uzun dövrdə mövcud olan müharibəyə səbəb olan qarşıdurmaların Hindistan, Pakistan, Rusiya, Ukrayna, Fələstin, İsrail, Orta Şərq müharibələrində ABŞ-nin tutduğu mövqeyin ənənəvi siyasətdən çox fərqləndiyini göstərir. Bu, konkret Trampın missiyasıdır. Bu baxımdan, hələ ABŞ-də keçirilən prezident seçkiləri dövründə Prezident İlham Əliyevin oradakı namizədlərdən Trampa bağlı müsbət fikir bildirməsinə əsas səbəb — onun dövlətlərin daxili işlərinə müdaxilə etməməsi, inqilab yolu ilə buna qarışmaması kimi yanaşmaları müsbət dəyərləndirməsi idi — baxmayaraq ki, seçkinin nəticəsi onda məlum deyildi. Daha sonra yeni hakimiyyətin USAID-i kəskin tənqid etməsi, onun siyasətinin dünyaya və Amerikaya zərər vurmasını dilə gətirməsi hələ illər əvvəl cənab İlham Əliyevin bu qurumla bağlı səsləndirdiyi fikirlərin təsdiqi idi.

Hazırda Trampın rəhbərliyi ilə ABŞ Qafqaza dönür və bu qətiyyən dövlətlərin daxili işlərinə qarışmaq deyil, daha artıq dərəcədə barış missiyasıdır. Məhz iki dövlət rəhbərinin Ağ Evdə qəbulu, hətta sülh sənədi yox, niyyət protokolunun imzalanması belə, qısa müddətdə Trampın iradəsinin göstəricisi olacaq. Digər tərəfdən, bölgədə əsas missiyanı İlham Əliyev daşıyır — o, bölgənin sülh və xilas missiyasının əsas sahibi kimi üç respublikanın bu arealda təhlükəsizlik şəraitində yaşaması üçün təməllər atıb. Bu həm də Amerika–Azərbaycan münasibətləri üçün yeni bir mərhələ və fürsətdir. Təkcə iki dövlət arasında yanaşmaça yox, daha fərqli sahələrdə də inkişaf edəcək. Çünki Tramp Azərbaycan liderinin siyasətinə ayrıca dəyər verir.

Ən əsas məsələ ondan ibarətdir ki, bu görüş Zəngəzur dəhlizinin açılması üçündür. Bunun da əsasları var. Çünki burada bir qlobal döyüş meydanı yaratmaq, Hörmüz düzəltmək cəhdi paralellərində Ağ Evdəki bu görüş gerçək bir sülh tapmaq üçün mühüm rol oynayacaq. Tramp indiyədək atdığı addımlarla Nobel üzrə Sülh Mükafatına layiq olması fikrini doğruldursa da, əsasən İlham Əliyev öz mühüm tarixi addımları ilə bu mükafatı çoxdan haqq edib. Çünki mayasında birbaşa Bakı nefti dayanan bu mükafat qlobal və regional təhlükəsizliyə xidmətləri dəyərləndirir.

Belə olan halda nəzərə almalıyıq ki, Ermənistan–Azərbaycan problemi yüz il ərzində iki dövlət arasında məhdudiyyət daşımayıb, əksinə, ona xeyli sayda dövlətlər qoşulub və Qarabağ savaşı SSRİ-nin çöküşünə vəsilə olub. Ona görə Prezident İlham Əliyev bəyan edirdi ki, biz qlobal siyasi layları tərpətmişik. Dünyada sülh üçün bu münasibətləri yeni mərhələyə daşımağa ciddi ehtiyac var.

Əgər burada sülh olacaq və kommunikasiya açılacaqsa, Ermənistanın ideoloji xəttinin dəyişməsi ilə nəticələnəcəksə, bu halda həqiqətən transmilli layihələrin reallaşdırılması imkanı olacaq. Müharibədən sonra ən yüksək statuslu binada — Ağ Evdə bu xarakterli görüş tarixi hadisədir və bu bizim tarixi zəfərin təsdiqi, tanınması və hətta paraflanmasına olan iradənin göstəricisidir.

Ağ Ev Trampın liderliyində ilk dəfədir ki, soyuq və qaynar müharibələrin Baş qərargahı, qlobal savaşlar və tüləvi qırğınları layihələndirən bina olmaqdan çıxaraq, ən uzunömürlü düşmənçilyə son qoyulmasına töhvə verən ünvana çevrilə bilər..
Şübhəsiz, Ağ Evi sülh binasına çevirən lider İlham Əliyev olacaq!

Zahid ORUC,

millət vəkili

Vumart və Güvən reklamı Vumart Güvən