"Azərbaycan-Ermənistan barışırsa, 907-ci düzəlişin qalmasına ehtiyac yoxdur"

 11:24 08.08.2025     110

ABŞ Prezidenti Donald Tramp "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.

Redaktor.az-a mövzu ilə bağlı danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Amerika Birləşmiş Ştatlarının vaxtilə qəbul etdiyi "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəliş Azərbaycanın əleyhinə olmuş bir qərar idi:

"Yəni Azərbaycana yardımı qadağan edirdi. Eyni zamanda bu qanun Azərbaycana Amerikadan silah alışı məsələsində də ciddi problem yaradırdı. Bu olduqca ədalətsiz bir qanun idi. Çünki 90-cı illərdə təcavüzə məruz qalan da Azərbaycan idi, məhz qadağa tətbiq olunan da Azərbaycan idi və buna görə də heç cür anlaşılan bir məsələ deyildi. İki ölkənin arasındakı sülh müqaviləsi imzalanırsa və Azərbaycanla Ermənistan barışırsa, 907-ci düzəlişin qalmasına ehtiyac yoxdur".

Politoloq bildirdi ki, artıq bu, ləğv olunmalıdır.

"Sülh müqaviləsi faktiki görünür ki, Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə imzalanacaq. Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə sülh müqaviləsi imzalanacaqsa, 907-ci düzəlişin qalmasına da heç bir ehtiyac yoxdur. Bu, Azərbaycan ordusunun güclənməsinə çox böyük təminat verir. Eyni zamanda Azərbaycan-Amerika Birləşmiş Ştatları əlaqələrinə, həm siyasi, diplomatik, həm də ticarət əlaqələrinin daha da genişləndirilməsinə geniş imkanlar açacaq çox mühüm bir düzəlişdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən