“Trampın görüşdən öncə “sülh sazişi imzalanacaq” bəyanatı verməsi göstərir ki, artıq razılaşdırılmış sənəd mövcuddur” - Sərdar Cəlaloğlu

 12:41 08.08.2025     162

"Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması beynəlxalq güclərin rəqabəti şəraitində baş verir. Faktiki olaraq vasitəçilik uğrunda üç əsas mərkəz arasında ciddi mübarizə gedib: Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Rusiya. İran da bu məsələdə müxtəlif formalarda iştirak etməyə çalışıb".

Bu fikirləri Vaşinqtondakı sülh görüşünü Redaktor.az-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı təcavüzü və nəticədə beynəlxalq aləmdə təklənməsi, eyni zamanda hərbi gücünün zəifləməsi onun vasitəçilik imkanlarını xeyli məhdudlaşdırıb:

"Son dövrlər Ermənistan, Azərbaycan və Rusiya arasındakı münasibətlərin gərginləşməsi və etimadsızlığın artması da Rusiyanı prosesdən kənarlaşdırıb. Avropa İttifaqı isə, Ukraynada ABŞ-nin dəstəyini itirməmək üçün bu məsələdə Vaşinqtonla koordinasiyalı davranır. Yəni könüllü şəkildə bu prosesin ABŞ-nin birbaşa iştirakı ilə həll olunmasını qəbul edir. ABŞ isə Cənubi Qafqaza yerləşməkdə maraqlıdır. Bu, İran və Rusiya üçün strateji baxımdan mühüm məsələdir, eyni zamanda “Orta Yol”un nəzarətə götürülməsi kontekstində xüsusi əhəmiyyət daşıyır".

Müsahibimiz vurğuladı ki, Azərbaycan və Ermənistan isə öz suverenliklərini və müstəqilliklərini qorumaq üçün güclü tərəfdaş axtarırlar:

"Onlar bu gücü hazırda ABŞ-də görürlər. Bütün bu amillər onu göstərir ki, Vaşinqton müstəvisində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, hər iki dövlətin suverenliyinə ABŞ-nin təminat verməsi və bölgədə yerləşməsi kimi ciddi geosiyasi proseslər baş verir. Bununla yanaşı, Azərbaycanın tələbi ilə ATƏT-in Minsk Qrupu buraxılacaq, 907-ci düzəliş dayandırılacaq və Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçəcək. Nəticədə bölgə tamamilə fərqli bir siyasi mənzərə ilə üzləşəcək. Artıq Rusiyanın 200 illik müstəmləkəçilik ruhu geridə qalacaq və bölgəyə yeni bir nəfəs gələcək. Təbii ki, bu müqavilədən sonra Azərbaycan və Ermənistanda baş verəcək proseslər də müəyyənedici rol oynayacaq. ABŞ ilə əməkdaşlıq yalnız təhlükəsizlik sahəsində deyil, eyni zamanda müəyyən dəyərlərin bölüşdürülməsini də nəzərdə tutur. Bu, Rusiyanın yanaşmasından əsaslı şəkildə fərqlənir.

Ümumilikdə hesab edirəm ki, hər iki liderin ABŞ-yə səfəri və Prezident Trampın görüşdən öncə “sülh sazişi imzalanacaq” bəyanatı verməsi göstərir ki, artıq razılaşdırılmış sənəd mövcuddur. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin məhz ABŞ-nin iştirakı ilə imzalanması həm də Prezident Trampın şəxsi nüfuzu üçün vacibdir. Bu səbəbdən ABŞ bu məsələyə son dərəcə həssas yanaşır. Nə Paşinyan, nə də İlham Əliyev ABŞ-nin təkliflərinə “yox” deyə biləcək vəziyyətdə deyil. Güman etmək olar ki, sülh sazişi ilə bağlı məsələlər artıq 90 faiz həll olunub",- deyə sonda Sərdar Cəlaloğlu yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən