“Zəngəzur dəhlizi Avropa ilə Asiyanı, eyni zamanda bütün türk dövlətlərini birləşdirən böyük bir iqtisadi-ticari xəttə çevrilə bilər” - Politoloq

 13:46 08.08.2025     67

Bütün diqqətlərin yönəldiyi Vaşinqtonda qəbul ediləcəyi gözlənilən qərarlardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Qərarın təsdiqlənməsi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana quru yolla maneəsiz keçidin təmini deməkdir.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az saytına açıqlayan politoloq Elçin Xalidbəyli bildirdi ki, Zəngəzur dəhlizinin açılması hazırda olduqca böyük əhəmiyyət daşıyır:

"Bu, bütövlükdə Cənubi Qafqazın gələcək taleyini dəyişə biləcək bir geo-iqtisadi layihədir. Azərbaycanın israrlı və prinsipial mövqeyi sayəsində bu layihənin reallaşma mərhələsinə çatması mümkün olub. Rəsmi Bakı ardıcıl və məqsədyönlü addımlarla həm region ölkələrini, həm də beynəlxalq ictimaiyyəti Zəngəzur dəhlizinin açılmasının zəruriliyinə inandırmağı bacarıb. Hazırda müşahidələr göstərir ki, dəhlizin açılması ilə bağlı əsas şərtlər rəsmi Bakı tərəfindən müəyyən olunur. Ermənistan və Qərb siyasi dairələri də bu şərtlərlə barışmış kimi görünür. Əsas məqam isə ondadır ki, dəhlizin açılması Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında quru bağlantının yaradılmasını nəzərdə tutur. Hərçənd ki, gələcəkdə bu dəhlizin beynəlmiləl xarakter alması və geniş regional istifadəyə açılması mümkündür, onun ilkin açılma məntiqi məhz Azərbaycanın ərazilərini birləşdirmək məqsədi daşıyır".

Ekspert vurğuladı ki, ilk mərhələdə Azərbaycanın maraqları və irəli sürdüyü şərtlər əsas götürülməlidir,  sonrakı mərhələdə isə Zəngəzur dəhlizinin beynəlxalq potensialının reallaşdırılması gündəmə gələcək:

"Beləliklə, dəhliz Avropa ilə Asiyanı, eyni zamanda bütün türk dövlətlərini birləşdirən böyük bir iqtisadi-ticari xəttə çevrilə bilər. Qərbin, xüsusilə də ABŞ-nin son vaxtlar Zəngəzur dəhlizinə artan marağı da göstərir ki, bu layihə qitələrarası əlaqələr baxımından da ciddi əhəmiyyət daşıyır. Dəhliz həm Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirəcək, həm də Avropa ilə Asiyanın iqtisadi və ticari əlaqələrini asanlaşdıracaq. Ən əsası isə bu layihə Cənubi Qafqazın gələcəyinin yenidən formalaşdırılmasına əlverişli zəmin yaradacaq və bölgənin siyasi mənzərəsini köklü şəkildə dəyişdirəcək",- deyə politoloq sonda qeyd etdi.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən