"Bu, türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir" - Vüqar Bayramov

 14:48 08.08.2025     80

İrəvan Azərbaycanın Zəngəzur dəhlizi şərtlərini qəbul edib. Bu da Naxçıvana quru yolla maneəsiz keçidin təmin olunması deməkdir. İmzalanacaq Birgə Bəyannamə ilə Naxçıvana maneəsiz gediş-gəliş təsdiqlənəcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirdi ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycan-Ermənistan arasında kommunikasiyaların bərpası həm Azərbaycan iqtisadiyyatına, həm də bütövlükdə regionda iqtisadi inkişafa müsbət təsir göstərəcək.

"Bu, bir tərəfdən də  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpası deməkdir. Nəzərə alsaq ki, uzun müddətdir Naxçıvan blokadada yaşayırdı, quru əlaqənin  bərpa edilməsi Naxçıvanda istehsal edilən məhsulların daha qısa müddətdə və daha az xərclə Azərbaycanın əsas ərazilərinə çatdırılmasına imkan yaradacaq. Bu da təbii ki, Naxçıvanda biznesin inkişafı baxımından vacibdir.

Millət vəkili əlavə etdi ki, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq:

"Bu isə həmin dəhliz vasitəsilə daha çox yüklərin daşınması deməkdir. Nəticədə, orta dəhlizin də inkişaf etməsinə imkan veriləcək ki, Azərbaycan Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etsin. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazansın.

Bu, eyni zamanda türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Türk dünyasının inkişafına xüsusi töhfə verəcək. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə verəcək".

Xədicə BAXIŞLI
 

Vumart və Güvən reklamı Vumart Güvən