“Azərbaycanın təhlükəsiz və güclü olması ABŞ-nin maraqlarına uyğundur”

 14:22 08.08.2025     104

"Vaşinqtonda keçiriləcək üçtərəfli görüş çərçivəsində Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin fundamental prinsiplərini ehtiva edən sənədin imzalanması gözlənilir".

Bu fikirləri Redaktor.az-a Vaşinqtonda keçiriləcək sülh görüşünündən danışan siyasi şərhçi Əhməd Şahidov  bildirdi.

O əlavə etdi ki, ABŞ-Azərbaycan arasında iqtisadi, ticari, enerji və təhlükəsizlik sahələrini əhatə edən yeni əməkdaşlıq mərhələsinə dair sənəd də imzalanacaq:

"Bu sənədlər Azərbaycan və ABŞ münasibətlərində yeni bir səhifə açacaq. ABŞ bundan sonra Azərbaycanla iqtisadi, siyasi, təhlükəsizlik və informasiya texnologiyaları sahələrində əməkdaşlığı daha da dərinləşdirəcək. Qarşılıqlı investisiyaların artacağı gözlənilir. Uzun illərdir Azərbaycanı narahat edən məsələlərdən biri olan və 1990-cı illərdə qəbul edilən 907-ci düzəliş isə yeni mərhələnin reallıqları fonunda artıq aktuallığını itirir. Bu düzəliş ABŞ-nin Azərbaycana hərbi yardımını qadağan edirdi. Donald Tramp administrasiyası bu məsələyə aydın mövqe ortaya qoyub və sabah imzalanacaq sənədlər kontekstində 907-ci düzəlişin təxirə salınması planlaşdırılır. Bu isə Azərbaycanın ABŞ-dan hərbi yardım ala bilməsi anlamına gəlir və müdafiə, təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi üçün imkanlar açır.

Azərbaycanın təhlükəsiz və güclü olması ABŞ-nin da maraqlarına uyğundur. Çünki Cənubi Qafqazın əsas enerji layihələrinin mərkəzində dayanan Azərbaycanda milyardlarla dollarlıq ABŞ investisiyası mövcuddur. Prezident İlham Əliyevin iştirakı ilə ExxonMobil və SOCAR arasında imzalanmış yeni əməkdaşlıq sazişi ABŞ-nin Azərbaycandakı enerji maraqlarını bir daha təsdiqlədi. ABŞ bundan sonra Azərbaycanın müdafiə və təhlükəsizlik sahələrində daha güclü olmasına çalışacaq. 907-ci düzəlişin aradan qaldırılması isə bu istiqamətdə real hərbi yardımın və strateji əməkdaşlığın önünü açır. Bu, Azərbaycan üçün tamamilə yeni bir mərhələnin başlanğıcı deməkdir",- deyə sonda müsahibimiz fikirlərini sonlandırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən