“Cənubi Qafqazı müharibə içində görməyi arzu edənlər üçün qara bir gün...” - Nurlan Həsənov

Bu gün Cənubi Qafqazda müharibə ocağı yaradanlar, işğalın daimi olmasını istəyənlər, xalqlar arasında düşmənçiliyi alovlandıranlar, nifrət toxumları səpənlər, o cümlədən daxili düşmənlərimiz, ölkəmizin xoşbəxt gələcəyini istəməyənlər, tarixi uğurlarımıza şəxsi düşmənçilik hissləri ilə yanaşmaqla qarayaxma kampaniyası aparan, adını müxalifət qoyan yaramazlar üçün qara bir gün, Azərbaycan üçün isə günəşli bir sabahdır.
Cənubi Qafqaz üçün yeni bir dövr başlayır. Bu dövrün memarı İlham Əliyevdir.
Bu günlərə gəlmək, həqiqətən böyük iradə, düzgün və proqnoz edilmiş siyasi gedişlər tələb edirdi. Azərbaycan sülhə gedən yolda çətinliklərin öhdəsindən gəlməyi bacardı, bütün hücumları dəf edə bildi.
Vaşinqton şəhərində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ilkin addımlar atılır. Tarixdə ilk dəfə bir ABŞ lideri Azərbaycan Prezidenti ilə qürur duyduğunu bildirir. Bu, cənab İlham Əliyevdir. Bu gün həm də Azərbaycan-ABŞ münasibətləri üçün gözəl bir tarixdir. ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişin icrası dayandırılır. ABŞ dəstəyi ilə Zəngəzur dəhlizinin açılması istiqamətində işlər aparılır.
Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı atəşkəs müqaviləsi ilə başlanan bu çətin dövr, tezliklə Prezident İlham Əliyev tərəfindən sülh müqaviləsinin imzalanması ilə yeni bir mərhələyə qədəm qoyur.
Öz vətənini sevən hər bir vətəndaş Prezident İlham Əliyevin Azərbaycan üçün etdiklərini başa düşür.
Azərbaycan xalqı öz Prezidenti ilə qürur duyur.
Nurlan Həsənov
Milli Məclisin deputatı