"Bu gün sülh müqaviləsi imzalanmayacaq" - ABŞ-nin keçmiş səfiri

"ABŞ prezidentinin kimliyindən asılı olmayaraq, Qarabağ sülh prosesində iştirakı və sülh müqaviləsinin yekunlaşması üçün rolu çox vacibdir. Çünki Ermənistan və Azərbaycan liderləri cəsarətləndirilməyə, eləcə də dünyanın ən güclü liderindən siyasi dəstək və himayəyə ehtiyac duyurlar ki, sülh müqaviləsi üçün lazım olan çətin kompromisləri yekunlaşdıra bilsinlər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Azərbaycan və Ermənistan arasında imzalanacaq olan sülh prosesindən danışarkən bildirdi.
"Ümid edirəm ki, hazırda prezident Trampla bu istiqamətdə irəliləyiş əldə edərik. Prezident Əliyev və baş nazir Paşinyan Ağ Evdə görüşəcəklər. Məncə, bu gün sülh müqaviləsi imzalanmayacaq. Amma onun yerinə, həm Baş nazir Paşinyanın, həm də İlham Əliyevin atmağa hazır olduqları, atmaq istədikləri konkret addımları müəyyən edən “çərçivə sazişi” imzalanacaq. Bu sənəd sülh müqaviləsinin imzalanmasına doğru atılan mühüm addım olacaq.
Heç kim dəqiq bilmir ki, sülh müqaviləsi nə vaxt imzalanacaq, lakin çərçivə sazişi çox vacibdir. Bildiyiniz kimi, bu ilin mart ayında İlham Əliyev və Paşinyan sülh müqaviləsinin yekun mətninə dair razılığa gəliblər. İndi əsas məsələ, Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsini tələb etməsidir. Bu dəyişiklik Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıq şəkildə bəyan etməli və Ermənistan konstitusiyasında olan qeyri-müəyyənliyi aradan qaldırmalıdır. Bu proses çox çətin olacaq və baş nazir Paşinyanın Ermənistan daxilində siyasi mübarizədə uğur qazanmasını tələb edir".
Müsahibimiz qeyd etdi ki, Trampın Paşinyana bu prosesdə güclü dəstək verməsi, Vaşinqtondakı görüşdən gözlənilən əsas nəticələrdən biridir.
"Qeyd etmək lazımdır ki, bu, hələ sülh müqaviləsi deyil, yalnız liderlərə müqaviləni yekunlaşdırmaq üçün yardım edəcək çərçivə sazişdir. Eyni zamanda, prezident Trampla Prezident İlham Əliyev arasında, həmçinin Trampla Paşinyan arasında strateji tərəfdaşlıq sazişlərinin imzalanması gözlənilir. Bu sazişlər iki ölkə arasında iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əlaqələri gücləndirəcək.
907-ci maddənin ləğv olunması barədə də danışılır. Prezident Trampın respublikaçıların üstünlük təşkil etdiyi ABŞ Konqresini bu maddəni tamamilə ləğv etməyə çağıracağı gözlənilir.
Son olaraq, Zəngəzur dəhlizi ilə bağlı da razılıq əldə ediləcəyi bildirilir. ABŞ-ın logistika şirkəti bu dəhlizi Ermənistan ərazisində işlədəcək. Lakin bunlar hələlik şayiələrdir və Vaşinqtondan gələn məlumatlara əsaslanır. Gələcəkdə nə olacağı isə hələ bilinmir.
Bütün bunlar isə Qarabağ münaqişəsi ilə bağlı 25 ildən artıq müddətdə yaşadığım ən nikbin anlardır. Ümid edirəm ki, bu gün baş verənlər yekun sülh müqaviləsinə gətirib çıxaracaq. Əgər çərçivə sazişi düzgün hazırlanarsa, sülh müqaviləsinin yekunlaşmasına zəmin yarada bilər", - deyə keçmiş səfir yekunlaşdırdı.
Xədicə BAXIŞLI