"Azərbaycan diplomatiyadan məqsədlərinə çatmaq üçün effektiv strategiya kimi istifadə edir" - AÇIQLAMA

"Azərbaycanın uğurlarının və diplomatik qələbələrinin açarı ondan ibarətdir ki, ölkə xarici siyasət məqsədlərinə çatmaq üçün diplomatiyadan sadəcə bir vasitə kimi deyil, effektiv mexanizm və strategiya kimi istifadə edir. Azərbaycan öz maraqlarının müdafiəsini regional təhlükəsizliyin möhkəmləndirilməsi ilə məharətlə birləşdirir, həmçinin Cənubi Qafqazda güc balansında fəaliyyət göstərən qlobal oyunçuların maraqlarını müdafiə edir. Belə hərtərəfli və balanslaşdırılmış diplomatiya ölkəyə öz təsirini inamla möhkəmləndirməyə və regionda əsas rol oynamağa imkan verir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva Azərbaycanın xarici siyasətindən və bu gün ABŞ-də keçiriləcək üçtərəfli görüşdən danışarkən bildirdi.
"Son illər Azərbaycan özünəməxsus diplomatik konsepsiyasını daha çox nümayiş etdirir. Bu diplomatik qələbələr silsiləsi, fikrimcə, hələ 2020-ci ildən əvvəl başlayıb, lakin məhz bu dövrdən sonra dünya Azərbaycan diplomatiyasının həm uğurlarını, həm də mükəmməlliyini həqiqətən də tanıdı.
Azərbaycan xarici siyasətdə nəinki məqsədlərinə çatmaq, öz maraqlarını qorumaq üçün alət və strategiyalardan istifadə edərək, onları səfərbər edir, həm də bu prosesə regionda təhlükəsizliyin möhkəmləndirilməsini, eləcə də Cənubi Qafqazda fəaliyyət göstərən qlobal oyunçuların maraqlarını təşviq etməyi də daxil edir.
Bugünkü görüşə və onun gündəliyinə gəlincə, qeyd etmək lazımdır ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik bacarığının növbəti nümayişinə çevrilib. Şuşada keçirilən forum zamanı dövlət başçısı mühüm siyasi çıxış etdi. O, öz çıxışında Donald Trampın ABŞ-nin müasir tarixində müharibələrə başlamayan, əksinə, müharibələri dayandırmağa çalışan yeganə prezident olduğunu vurğuladı".
Siyasi şərhçi qeyd etdi ki, İlham Əliyevin bu jesti xoşməramlılıq siqnalına çevrildi və Amerika liderinin qarşılıqlı addım atmasına, iki ölkə arasında etimad mühitinin möhkəmlənməsinə səbəb oldu.
"Bu kontekstdə bugünkü görüş xüsusi əhəmiyyət kəsb edir. Onu əminliklə demək olar ki, bu görüşü 30 ilə yaxın davam edən münaqişəyə son qoyacaq əsas mərhələ hesab etmək olar. Görüşün özü sülh müqaviləsinin imzalanması prosesini hələ başa çatdırmasa da, gələcək danışıqlar üçün çərçivə müəyyən edir. Məhz bu səfər regionda təhlükəsizlik maraqlarını və ikitərəfli əlaqələrin inkişafını nəzərə alaraq ABŞ və Azərbaycan arasında strateji münasibətləri gücləndirir. Bu, şübhəsiz ki, son onilliklərin ən mühüm görüşlərindən və səfərlərindən biridir.
Hazırda dünyada geosiyasi vəziyyət əsaslı şəkildə dəyişir, yeni dünya düzəni formalaşır. Bu transformasiyaların tərkib hissəsi kimi strateji tərəfdaşlıq anlayışları da dəyişir. Bu cür münasibətlərin klassik sistemi, artıq müasir reallıqlara cavab vermir. Buna görə də, bu münasibətlərin yenilənməsinə, müasir dünyanın çağırışlarına effektiv şəkildə cavab verə biləcək yeni, daha çevik və uyğunlaşdırılmış tərəfdaşlıq sisteminin yaradılmasına təcili ehtiyac var.
Hazırda strateji tərəfdaşlıq meyarları ayrı-ayrı ölkələrin siyasi ehtiyacları və vəziyyətləri əsasında formalaşır. Bu gün yeni strateji tərəfdaşlıq sisteminin qurduğu əsasları Azərbaycan və ABŞ-nin siyasi vəziyyəti və maraqları müəyyən edir".
Müsahibimizin fikrincə, bu sistem, iki dövlət arasında münasibətləri yeni, daha yüksək əməkdaşlıq səviyyəsinə çıxaracaqdır.
"Onu da qeyd edim ki, bu gün qlobal inkişafın əsas siyasi məsələlərində ABŞ və Azərbaycan bir çox cəhətdən oxşar mövqelərdən çıxış edirlər. Bir sıra münaqişələrdə və müxtəlif regionlarda bizim baxışlarımız üst-üstə düşür və bu, əlbəttə ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq üçün yeni meyarların hazırlanmasına müsbət təkan yaradır", - deyə Yeganə Hacıyeva vurğuladı.
Xədicə BAXIŞLI