“ABŞ səfərinin ölkəmiz üçün nailiyyətləri böyük olacaq” - Deputat

 17:04 08.08.2025     127

"Növbəti tarixi günləri yaşayırıq. Həm Qarabağda qazandığımız qələbələr, bir günlük antiterror əməliyyatı ilə suverenliyimizin tam bərpa olunması, həm də bu ərazilərdə aparılan bərpa, quruculuq və insanların Böyük Qayıdış çərçivəsində doğma yurdlarına qayıtması hər birimizi qürurlandırır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Prezident İlham Əliyevin ABŞ-yə səfərindən danışarkən bildirdi.

O əlavə etdi ki, ölkəmizin, cənab Prezidentin uğurlu siyasəti nəticəsində son illərdə beynəlxalq aləmdə qazandığı uğurlar və artan nüfuzu da bu qüruru daha da gücləndirir:

"Təbii olaraq, bu gün ABŞ-da baş tutacaq tarixi görüş Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında keçiriləcək danışıqlar, iki ölkə arasında imzalanacaq sənədlər, SOCAR ilə ABŞ-nin ən böyük neft şirkəti arasında mübadilə müqaviləsi və strateji əməkdaşlığı əhatə edən bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, sülh müqaviləsinə dair çərçivə sənədinin və ya maddələrin paraflanması da gözlənilir. Əsas məsələ isə Zəngəzur dəhlizinin açılmasıdır ki, bu barədə dəqiq məlumatları bu gecə əldə edəcəyik. Verilən məlumatlara əsasən, səfər proqramı artıq təsdiqlənib. Həm cənab Prezident, həm də Ermənistanın Baş naziri Paşinyan ABŞ Prezidenti Donald Trampla əvvəlcə ayrı-ayrılıqda, daha sonra birgə görüşlər keçirəcəklər və ardınca sənədlərin imzalanması mərasimi baş tutacaq. Zəngəzur dəhlizinin ABŞ tərəfindən 99 illik icarəyə götürülməsi və onu özəl şirkətə verməsi, bu layihəyə uzunmüddətli təminat xarakteri verir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru və dəmir yolu bağlantısının bərpasını nəzərdə tutan bu layihə Prezidentin təşəbbüsü ilə həyata keçiriləcək və təkcə ölkəmiz üçün deyil, Ermənistan üçün də strateji əhəmiyyət daşıyır:

"Bu dəhliz, uzun illər təcrid siyasətinə məruz qalan Ermənistanın iqtisadi inkişafına da ciddi töhfə verə bilər.

Bütün bu məsələlərin təfərrüatları bu gün Vaşinqtonda bəlli olacaq. Lakin artıq indidən aydındır ki, Azərbaycanın tarixi uğurları davam edir və bu səfər də ölkəmiz üçün növbəti böyük nailiyyət olacaq. Onun faydaları isə zamanla daha aydın şəkildə görünəcək",- deyə V.İskəndərov yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən