"Qarşıdurma həyəcanından yorulmuş xalqlar, nəhayət ki, rahat nəfəs alacaq"

"Bu gün Cənubi Qafqaz və bütün bölgə üçün tarixi bir gündür. Bu gün can Azərbaycanın, Türk dünyasının və beynəlxalq ictimaiyyətin gözü və qulağı Vaşinqtondadır. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda bir araya gələcəklər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç Azərbaycanla Ermənistanın Vaşinqtonda keçiriləcək görüşündən danışarkən bildirdi.
"Görüşün əsas gündəliyi Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Əsasən, 17 maddədən ibarət olan bu sülh sənədi bir müddətdir imzaya hazırdır. Lakin Azərbaycanın müqavilənin imzalanması üçün iki əsas şərti vardı: birincisi, Ermənistan Konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğvidir. Bu hər iki tələb tamamilə haqlı və legitim şərtlər idi. Məlumata görə, artıq bu məsələlərin həlli istiqamətində cənab Prezidenti qane edəcək bir yol xəritəsi tapılıb və bu həll ayrıca memorandumla sənədləşdiriləcək.
Əgər bu gün müqavilə imzalansa, Azərbaycan və Ermənistan münasibətlərində tamamilə yeni bir mərhələ başlayacaq. 35 ildir bölgədə davam edən gərginlik, müharibə təhlükəsi və siyasi qarşıdurma aradan qalxacaq. İllərlə sülh arzusunda olan hər iki xalq, müharibə gözləntilərindən və qarşıdurma həyəcanından yorulmuş xalqlar, nəhayət ki, rahat nəfəs ala biləcək".
Siyasi şərhçi qeyd etdi ki, sülh müqaviləsi iki ölkə arasında əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni imkanlar açacaq.
"Bölgədə qarşılıqlı ticarət, nəqliyyat əlaqələri və enerji layihələri sürətlə inkişaf edəcək. Bu, həm də bölgədəki gərginlikdən faydalanan bəzi xarici qüvvələrin təsir imkanlarını məhdudlaşdıracaq. Bunun ardınca Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşması gözlənilir. Bu, bölgədə üçtərəfli -Azərbaycan, Ermənistan və Türkiyə əməkdaşlığı üçün yeni bir səhifə açacaq. Nəticədə region xalqları bu əməkdaşlıqdan, iqtisadi, sosial və mədəni cəhətdən faydalanacaq.
Görüşdə diqqət mərkəzində olan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın “Trump Route: A Road for International Peace and Prosperity” (“Tramp Marşrutu: Beynəlxalq Sülh və Rifah Yolu”) adlı sənədi imzalayacağı gözlənilir. Bu sənəddə Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı haqlı gözləntiləri nəzərə alınacaq. Dəhliz açıldıqdan sonra Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqə bərpa olunacaq, eyni zamanda bu yol beynəlxalq ticarət və yükdaşımalar üçün strateji magistrala çevriləcək.
Bütün bunlar, Azərbaycanın bölgədəki mövqeyini gücləndirəcək və ABŞ ilə Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan yeni bir mərhələ başlayacaq. Vaşinqtonda atılacaq addımlar təkcə Azərbaycan üçün deyil, bütün region üçün tarixi dönüş nöqtəsi ola bilər", - deyə Hulusi Kılıç bildirdi.
Xədicə BAXIŞLI