"Tramp Zəngəzur Dəhlizinin zəmanət rolunu oynayacaq" - Vüqar Bayramov

"ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfəri yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıdı. Səfər zamanı Azərbaycan və Ermənistan sülh gündəliyi ilə yanaşı, ölkəmiz ilə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri xüsusi müzakirə mövzusu oldu".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Vaşinqtonda keçirilən üçtərəfli görüş haqqında danışarkən bildirdi.
"Donald Trampın yenidən hakimiyyətə gəlməsi ABŞ və Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açıb. Hələ 2024-cü ilin 5 noyabrında ABŞ-də keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dəki seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən, Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləyərək dövlət başçısı kimi onun namizədliyini dəstəkləmişdir. D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafında yeni dövr yarandı. Hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi məhz bundan xəbər verirdi"
Deputat əlavə etdi ki, siyasi və strateji əməkdaşlıq ilə yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək.
"Cənab Prezidentin səfəri zamanı yaradılması razılaşdırılan Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də, regional iqtisadi-ticari əməkdaşlığın irəliləməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.
Enerji sahəsində əməkdaşlıq ABŞ mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini daha da gücləndirməsinə imkan yaradacaq. 14 ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir.
ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdən, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin iqtisadi fəallığı deməkdir.
Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdi".
Millət vəkili vurğuladı ki, Azərbaycan Prezidentinin uzaqgörən siyasəti sayəsində imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur.
'Bu Zəngəzur Dəhlizinin reallaşması deməkdir. Vaşinqtonda həmçinin, Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Bu isə o deməkdir ki, Prezident D.Tramp Zəngəzur Dəhlizinin zəmanət rolunu oynayacaq".
Xədicə BAXIŞLI