Moskva Vaşinqton sazişinə münasibət BİLDİRDİ

 18:47 09.08.2025     252

“Biz Vaşinqtonun regional kommunikasiyaların bloklanması ilə bağlı bəyanatlarını təhlil edəcəyik. Bu sahədə Rusiyanın iştirakı ilə heç bir tərəfin geri çəkilmədiyi üçtərəfli sazişlər aktuallığını saxlayır”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqton sazişini şərh edərkən deyib.

O, bildirib ki, Ermənistanın İranla sərhədinin 30 sentyabr 1999-cu il tarixli dövlətlərarası sazişə uyğun olaraq yerləşdirilən Rusiya sərhədçiləri tərəfindən mühafizə olunması faktını nəzərdən qaçırmaq olmaz!

Zaxarova qeyd edib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Rusiyanın yardımı ilə başlayıb.

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın birbaşa yardımı və mərkəzi rolu ilə 2020-ci il noyabrın 9-da ən yüksək səviyyədə üçtərəfli bəyanatın qəbulu ilə başlayıb. Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşdirilməsinə iradəli töhfələr verib”, -deyə Zaxarova xatırladıb. 

O, əlavə edib ki, Moskva Ermənistan və Azərbaycan rəhbərliyinin Amerika tərəfinin vasitəçiliyi ilə Vaşinqtonda görüşünü müsbət qiymətləndirir.

Rusiya ümid edir ki, bu, sülhün təşviqinə kömək edəcək, Zaxarova bildirib.

"Biz regional təhlükəsizlik üçün bu əsas məqsədə nail olunmasına töhfə verən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bu baxımdan Amerika tərəfinin vasitəçiliyi ilə Cənubi Qafqaz respublikaları liderlərinin Vaşinqtonda keçirilən görüşü müsbət qiymətə layiqdir. Ümid edirik ki, bu addım sülh gündəminin irəliləməsinə kömək edəcək", -deyə diplomat qeyd edib.

O, bildirib ki, Rusiya Vaşinqtonun Cənubi Qafqazda regional kommunikasiyaların bloklanması ilə bağlı bəyanatlarını əlavə olaraq təhlil edəcək. 

“Biz əlavə olaraq Vaşinqtonun regional kommunikasiyaların bloklanması ilə bağlı bəyanatlarını təhlil edəcəyik. Bu sahədə Rusiyanın iştirakı ilə heç bir tərəfin geri çəkilmədiyi üçtərəfli sazişlər aktuallığını saxlayır. Ermənistanın Aİİ-nin vahid gömrük məkanına üzvlük faktorunu, xüsusilə respublika ərazisindən tranzit yükdaşımalarının təşkili ilə bağlı da nəzərə almaq vacibdir”. 

Zaxarova vurğulayıb ki, Cənubi Qafqazın problemlərinin həllinin optimal variantı yaxın qonşuları - Rusiya, İran, Türkiyənin dəstəyi ilə region ölkələrinin özləri tərəfindən hazırlanmış həll yollarını tapmaq və gələcəkdə həyata keçirməkdir.

Onun  sözlərinə görə, regiondankənar oyunçuların cəlb edilməsi sülh gündəmini gücləndirməyə çalışmalı və əlavə çətinliklər və bölücü xətlər yaratmamalıdır!

Vumart və Güvən reklamı Vumart Güvən