Cənubi Qafqazda yeni mərhələ başlayır -  Türk Dövlətləri Təşkilatı

 16:28 10.08.2025     63

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan sülh razılaşmasını “tarixi hadisə” adlandırıb. Baş katib həmçinin tərəflərin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması və onunla bağlı bütün strukturların bağlanması üçün birgə müraciətini yüksək qiymətləndirib.

Redaktor.az xəbər verir ki, açıqlamada imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda uzunmüddətli sabitliyin, dayanıqlı sülhün və regional iqtisadi inkişafın təmin olunması baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilib.

Baş katib vurğulayıb ki, TDT üzv dövlətləri və tərəfdaş ölkələrlə birlikdə bu prosesə hərtərəfli dəstək verməyə, tərəflər arasında etimadın möhkəmləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində əməkdaşlıq etməyə hazırdır.

O əlavə edib ki, əldə olunan razılaşma yalnız iki ölkə üçün deyil, bütün regionun geosiyasi sabitliyi və beynəlxalq əməkdaşlıq mühiti üçün strateji əhəmiyyət daşıyır. TDT-nin bundan sonra da Cənubi Qafqazda sülh və rifahın möhkəmlənməsi naminə təşəbbüslərlə çıxış edəcəyi qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən