Vaşinqtondan Gürcüstana: Cənubi Qafqazda yeni dövr və böhran imkanı - Politoloqdan ŞƏRH

"8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında “Sülh çərçivəsi” sənədi imzalandı. Bu sənəd, onillərlə davam edən, minlərlə insanın həyatına son qoyan və ailələri parçalamış münaqişəni dayandırdı. Saziş, Cənubi Qafqazın iki respublikasının Rusiyanın təzyiqlərinə rəğmən azad dünya ilə inteqrasiyaya sadiqliyini göstərdi".
Bu fikirləri Redaktor.az-a Vaşinqton görüşünü şərh edən politoloq Qəvami Sadiqbəyli bildirdi. Onun sözlərinə görə, bölgənin üçüncü dövləti olan Gürcüstanda vəziyyət çətin olaraq qalır:
"Avropa İttifaqı ilə Rusiya arasında sıxılmış geosiyasi mövqe, yanlış daxili siyasət və strateji müttəfiqlərin itirilməsi bu ölkəni təhlükəli burulğana sürükləyir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, ABŞ-Azərbaycan-Ermənistan arasında imzalanmış Zəngəzur dəhlizinin 100 il müddətinə ABŞ-yə icarəyə verilməsi barədə müqaviləni ölkənin tranzit qovşağı statusuna böyük zərbə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu dəhliz Avropanı Çinə birləşdirəcək yeni yol olacaq, lakin Gürcüstan, İran və Rusiya bu marşrutdan kənarda qalacaq. Yeni geosiyasi reallıqda Gürcüstanın Qərblə strateji müttəfiqliyinin zəifləməsi onu İran və Rusiya ilə eyni “təcrid blokuna” yaxınlaşdırır. Siyasi ekspertlər xəbərdarlıq edirlər ki, Moskva Gürcüstanın tam işğalı üçün hazırlıqlar aparır. Hazırda da Gürcüstan ərazilərinin bir hissəsi - Abxaziya və Cənubi Osetiya-de-yure Tbilisiyə məxsus olsa da, de-fakto Rusiyanın hərbi-siyasi nəzarəti altındadır.
Rusiya burada 2008-ci il avqust müharibəsindən sonra qoşunlarını yerləşdirib, sərhədləri nəzarətdə saxlayır, “sərhəd hasarları” çəkib. Bu, formal müharibə elan olunmadan aparılan “hibrid müharibə”nin bir hissəsidir. Hibrid müharibə diversiya, təxribat, dezinformasiya, iqtisadi sanksiyalar və digər qeyri-ənənəvi üsullarla qarşı tərəfi zəiflətməyə yönəlib".
Müsahibimiz əlavə etdi ki, Türkiyə və Azərbaycanın Gürcüstan üçün həyati əhəmiyyəti artır:
"Enerji, nəqliyyat və hərbi təhlükəsizlik sahəsindəki razılaşmalar Rusiyanın irəliləməsinə qarşı ortaq müdafiə imkanları yaradır. Tarixdən məlumdur ki, 1921-ci il Moskva və Qars müqavilələrinə əsasən, Türkiyə Acarıstanın muxtariyyətinin və müsəlman əhalisinin hüquqlarının beynəlxalq təminatçısıdır. Buna görə də rus qoşunları irəliləyərsə, Türkiyə Acarıstana hərbi qüvvə yeridə bilər. Azərbaycan isə Türkiyə ilə birlikdə Kür çayının cənub xəttində mövqe tutaraq, rusların bu xətdən keçməsinin qarşısını ala bilər.
Gürcüstanın xilasının açarı - Türk Dövlətləri Təşkilatı (TDT) ilə strateji əməkdaşlıqdan keçir. Azərbaycanın enerji-tranzit imkanları və Türkiyənin NATO üzvü kimi hərbi-siyasi çəkisi Tbilisini tədricən Rusiyanın təsirindən çıxara bilər. Əks halda, Gürcüstanın taleyi ya Rusiyanın siyasi orbitində donmaq, ya da Türkiyə və Rusiya arasında bölünmək təhlükəsi ilə üz-üzə qala bilər. Gürcüstanın yaxın aylarda qəbul edəcəyi qərarlar təkcə onun gələcəyini deyil, bütün Cənubi Qafqazın geosiyasi balansını müəyyən edəcək", - deyə sonda o fikirlərini yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI