"Azərbaycan ərazisinin mübahisə predmetinə çevirmək üçün yaradılmış qurumun ləğv edilməsi böyük hadisədir" - Deputat

"8 avqust 2025-ci il tarixində Vaşinqtonda baş tutmuş görüşdə, Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə etdikləri birgə müraciət, heç şübhəsiz ki, sülhə gedən yolda növbəti bir əngəlin aradan qaldırılması idi".
Bu fikiri Redaktor.az-a deputat Hikmət Babaoğlu Vaşinqtonda keçirilən üçtərəli görüşdə ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə ünvanlanmış birgə bəyanatın imzalanmasından danışarkən bildirdi.
"Biz ATƏT-in Minsk qrupunun ləğv edilməsindən sonra sülh sazişinin imzalanması üçün yeni bir imkan əldə edəcəyik. Çünki, burada üç mühüm hadisə etiraf edilmiş və qəbul edilmiş olacaq, hansı ki, bu vaxta qədər qəbul edilmirdi. Birincsi, artıq Ermənistanla Azərbaycan arasında müharibə yoxdur. İkincisi, münaqişəni aradan qaldırmaq üçün yaradılmış ATƏT-in Minsk qrupunun predmeti artıq yoxdur. Üçüncüsü, ATƏT-in Minsk qrupunun sədrləri, hər üçü qəbul edir ki, belə bir münaqişə yoxdur və yeni reallıq tamamilə hüquqi, siyasi əsaslara söykənir".
Millət vəkilinin fikrincə, Minsk qrupunun ləğv edilməsi ilə bağlı edilmiş bu müraciət olduqca müsbət bir hadisədir:
"Yəni Azərbaycan ərazisinin mübahisə predmetinə çevirmək üçün yaradılmış bu qurumun ləğv edilməsi heç şübhəsiz ki, böyük hadisədir. Bu müraciətdən dərhal sonra, həmsədr ölkələrin ikisindən daxil olan və ATƏT-in özündən daxil olan müsbət siqnallar onu göstərir ki, tezliklə, yəni ilk fürsətdə bu qurum ləğv ediləcəkdir. Beləliklə, bir problemi də biz artıq həll etmiş olacağıq. Hazırda Vaşinqtonda əldə edilmiş razılıq kontekstində bu, bir detal kimi görünsə də, mənə elə gəlir ki, ayrılıqda bu faktın özü belə Azərbaycan diplomatiyasının böyük qələbəsidir".
Aytəkin TOFİQQIZI