“8 rəqəmi tariximizdə mühüm qələbə simvoluna çevrilib” - Deputat

 18:29 11.08.2025     129

“Son iki yüz ildə Cənubi Qafqaz regionu geosiyasi maraqların toqquşduğu məkan olaraq qeyri-stabil proseslərdən  və münaqişələrdən əziyyət çəkib. Müharibələr və onların yaratdığı dərin geopolitik böhran uzun müddət bölgənin inkişafına və tərəqqisinə əngəl törədib. Bu baxımdan avqustun 8 - də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüş Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olunması istiqamətində tarixi əhəmiyyətli hadisə idi”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan üçtərəfli görüşdən danışarkən bildirdi.

“Prezident Donald Trampın moderatorluğu ilə  keçirilən üçtərəfli görüş və görüş çərçivəsində əldə olunan razılaşmalar, xüsusilə, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" in paraflanması xalqımızın taleyində, ümulikdə, regionun siyasi arxitekturasında bir dönüş nöqtəsi oldu. Eyni zamanda liderlərin keçmiş narrativlərin ruhunu özündə əks etdirən ATƏT-in Minsk qrupunun və onunla bağlı təsisatların bağlanmasına dair birgə müraciətin imzalanması, eləcə də regionda kommunikasiyaların, xüsusilə, Zəngəzur dəhlizinin reallaşması yeni bir başlanğıcın manifestidir”.

Deputat əlavə etdi ki, regionda yaranan yeni geosiyasi reallıqlar ölkə başçısı Cənab İlham Əliyevin uzaqgörən siyasətinin, praqmatik düşüncə tərzinin, sarsılmaz siyasi iradəsinin və qlobal müstəvidə qəbul edilən diplomatik nüfuzunun bariz göstəricidir.

“Dövlətimizin başçısının yalnız ölkəmizin deyil, bütövlükdə, Cənubi Qafqazın gələcək inkişafını müəyyən edən siyasi kursu ilə hər bir azərbaycanlı qürur hissi keçirir.  Vaşinqtonda imzalanmış Birgə Bəyannamə məhz onun milli maraqlarımıza sadiqliyinin, qətiyyətli, həmçinin prinsipial mövqeyinin və sarsılmaz iradəsinin təntənəsidir.

Təsadüfi deyil ki, 8 rəqəmi ölkəmiz üçün uğurlu hesab edilir. Bu rəqəm tariximizdə mühüm qələbə və nailiyyətlərin simvoluna çevrilib. Şuşaya Zəfər bayrağımızın sancıldığı günün də məhz 8 tarixində baş verməsi, bu rəqəmin uğur rəmzi kimi xalqımızın yaddaşında əbədiləşdiyini bir daha göstərir. Vaşinqtondakı tarixi uğur da həmin ənənəni davam etdirərək Azərbaycanın gələcək inkişaf yolunda yeni bir zəfər səhifəsi açdı” , - deyə Günay Ağamalı əlavə etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən