“Rusiya İlham Əliyevin apardığı müstəqil siyasəti həzm edə bilmir” - Arzu Nağıyev

Rusiya ordusu Odessa vilayətində, Rumıniya sərhədi yaxınlığında yerləşən mühüm enerji infrastrukturunu “Geran” tipli kamikadze dronlarla vurub. Hücum nəticəsində Ukrayna-Azərbaycan qaz tədarükü sazişi çərçivəsində istifadə olunan obyektlər zədələnib. Prezident Zelenski zərbəni qəsdən həyata keçirilmiş hücum kimi qiymətləndirərək sərt şəkildə pisləyib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, Vaşinqton görüşü ərəfəsində və görüşdən sonra əldə olunan nəticələr Rusiyanı qane edə bilməzdi.
“Rusiyanın müxtəlif təxribatlara əl atacağı əvvəlcədən gözlənilən idi. Görüş ərəfəsində Ukrayna ərazisində, xüsusilə də Odessada bir sıra neft borularının keçdiyi kompressor stansiyalarının vurulması kimi hadisələr bunu bir daha sübut etdi. Rusiya açıq şəkildə bu görüşün əleyhinədir və Azərbaycanın, xüsusən də cənab Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasəti bəyənmir, hətta deyərdim ki, həzm edə bilmir.
Regionda dəyişən geosiyasi balans fonunda Rusiyanın təsir imkanlarını itirməsi və hegemonluq siyasətindən əl çəkmək istəməməsi bu proseslərlə birbaşa bağlıdır. Təbliğat kampaniyasının davamı olaraq, Dövlət Dumasından da Bakıya qarşı müxtəlif hədələr və təhdidlər səslənməkdədir. Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyovun bəyanatı da bu təbliğatın bariz nümunəsi və davamıdır. Qurulyovun fikirləri, rus təbliğatçıları Salavyov, və digər şəxslərin mütəmadi aqressiv bəyanatları ilə üst-üstə düşür və həm informasiya, həm də siyasi-iqtisadi baxımdan Azərbaycana təzyiqlərin artırılması niyyətini əks etdirir.
Bu təzyiqlərin istiqamətlərindən biri Azərbaycanın iqtisadi təhlükəsizliyinə yönəlib. Yəni, iqtisadi sahədə məhdudiyyətlər tətbiq etmək, Azərbaycan məhsullarının, xüsusilə tərəvəz, meyvə və spirtli içkilərin idxalına qadağalar qoymaq, Rusiyadakı azərbaycanlı sahibkarlara qarşı təzyiqi artırmaq və iqtisadi rıçaqlardan istifadə etmək ehtimalı yüksəkdir. Həmçinin, yoxlamalar və inzibati təzyiqlər davam edə, logistik daşımalar çətinləşdirilə, gömrük prosedurlarında gecikmələr yaradıla bilər. Bütün bunlara qarşı Azərbaycan daima hazırlıqlıdır və belə addımların mütəmadi olaraq atıldığını bilir”.
Müsahibimiz əlavə etdi ki, Rusiya informasiya və təbliğat kampaniyası ilə də çıxış edə bilər.
“Bu, Rusiyanın kütləvi informasiya vasitələrinin və Telegram kanallarının aktivləşdirilməsi, öz beşinci kolonu vasitəsilə müxtəlif yazıların yayılması, milli azlıqlar, miqrasiya siyasəti və Cənubi Qafqazda Rusiyanın maraqlarına təhdidlər mövzusunda ritorikanın gücləndirilməsi ilə həyata keçirilə bilər. Buradakı əsas məqsəd Qərb xəttinə bağlanan Türkiyə, NATO və Avropa İttifaqı ilə yaxınlaşan Azərbaycanın ordu quruculuğunun təkmilləşdirilməsi fonunda Rusiyada ictimai rəy yaratmaq və iqtisadi-siyasi addımlar üçün zəmin hazırlamaqdır. Qurulyovun bəyanatında həmçinin hərbi-siyasi təzyiqdən də bəhs edilir.”
Komitə sədrinin sözlərinə görə Rusiyanın Azərbaycana qarşı birbaşa hərbi qarşıdurmaya getməsi ehtimalı azdır, lakin Ermənistanda və sərhəd yaxınlığında hərbi mövcudluğunu gücləndirmək, 102 saylı bazasını genişləndirmək, Avropa İttifaqının kəşfiyyatçıları ilə yanaşı qoşunlarını artırmaq, Cənubi Qafqazda hərbi təlimlər keçirmək kimi addımlar ata bilər.
“MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı platformalarından istifadə etməsi də mümkündür. Lakin Rusiya-Ukrayna müharibəsinin təkrarlanması Cənubi Qafqazda qeyri-mümkündür, çünki bu, bölgənin tamamilə itirilməsinə gətirib çıxara bilər. Buna görə də, Rusiya birbaşa hərbi qarşıdurmaya getməyəcək. Qrulyovun və digər belə deputatların sərt bəyanatları isə köhnə düşüncələrə, Sovet dönəminin ordusuna əsaslanan, Azərbaycanı zəif görən yanaşmalardan irəli gəlir. Amma bu gün Azərbaycan həm hibrid müharibəni apara bilən, həm də koordinasiyalı təhlillər aparan dövlət orqanları və güclü Azərbaycan Ordusuna sahibdir. 44 günlük müharibə göstərdi ki, Azərbaycanın apardığı müharibə sistemi dünyada nümunə kimi qəbul olunur.
Düşünürəm ki, bu cür bəyanatlar müəyyən müddət davam edəcək, lakin əslində ciddi təsirə malik olmayacaq. Avqustun 15-də ABŞ Prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdən sonra isə Rusiya tərəfinin ritorikası və real addımları daha aydın görünəcək. Hərbi və siyasi təzyiqlərin, şantajların, güc nümayişlərinin və müttəfiqlərin fəallaşmasının nə həddə olacağı orada müəyyənləşəcək.
Prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət Rusiya və bəzi digər dövlətlər tərəfindən qəbul edilmir və qəbul edilə bilməz. Azərbaycan diktəsiz, vasitəçi olmadan öz müstəqil siyasətini davam etdirir və qarşıya qoyduğu əsas məqsəd ölkənin suverenliyi, ərazi bütövlüyü və vətəndaşlarının rifahının təmin olunmasıdır” , - deyə Arzu Nağıyev vurğuladı.
Xədicə BAXIŞLI