"Azərbaycan müstəqil siyasət yeridən dövlət kimi hər zaman Ukraynaya öz qardaş dəstəyini göstərir" - Millət vəkili

 11:07 12.08.2025     156

Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Energetika Nazirliyinə 2,0 (iki) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayıracaq. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Azərbaycanın Ukraynaya yardımları ardıcıl, sistemli bir xarakter alıb.

"Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirib. Azərbaycan müharibəyə, itkiyə, faciələrə, işğala məruz qalan bir ölkə kimi bu cür məsələlərə hər zaman həssas yanaşıb. Eyniylə öz mövqeyini həssas formada ortaya qoyub və bu gün bu siyasəti Azərbaycan uğurla davam etdirir. Yəni, Azərbaycan prezidenti Şuşa Media Forumunda da Ukraynaya öz tövsiyələrini vermişdi, jurnalistin cavabına uyğun olaraq ki, heç zaman işğalla barışmayın".

Milllət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan müstəqil bir siyasət yeridən dövlət kimi hər zaman Ukraynaya öz qardaş dəstəyini göstərir.

"Bu, ilk yardım deyil. Əvvəl də Azərbaycan dəfələrlə bu yardımları göstərib və Ukrayna xalqının yanında olduğunu dəfələrlə ifadə edib. Bu Azərbaycanın növbəti bir mühüm jesti kimi, mühüm bir addımı kimi qiymətləndirilməlidir. Bu onu göstərir ki, Azərbaycan hər zaman öz müttəfiqlərinə, qonşularına, əlaqədə olduğu dövlətlərə yardım və dəstək göstərir. Bu yardım da həmin dəstəyin, həmin  yardımın növbəti bir hissəsidir. Bu gün bilirsiniz ki, Qarabağda böyük quruculuq işləri gedir. Azərbaycana böyük vəsait lazımdır. Amma Azərbaycan yenə də dəstəyini əsirgəmir. Bu, dövlətimizin atdığı uğurlu addımların bir göstəricisi kimi qiymətləndirilməlidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən